×
A
A
A
Sazlamalar

Bu ilin 10 ayında 5 ton 62 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Bakı, 28 noyabr, AZƏRTAC

Bu ilin 10 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 9 min 564 cinayət faktı aşkarlanıb. Onlardan 3 min 181-i narkotik vasitələrin qanunsuz satışı, 5 min 902-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 393-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 88-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 5 ton 62 kiloqram 984,171 qram və 32 min 918 həb narkotik vasitələrin və 2 min 514 ədəd psixotrop maddələrin 2 ton 13 kiloqram 364,252 qramını heroin, 1 ton 858 kiloqram 236,599 qramını marixuana, 280 kiloqram 269,535 qramını tiryək, 28 kiloqram 10,544 qramını həşiş, 260,95 qramını kokain, 143 kiloqram 153,193 qramını və 32918 ədəd həb digər narkotik vasitələr və 739 kiloqram 689,098 qramını və 2514 ədəd psixotrop maddə təşkil edib. Həmçinin göstərilən dövrdə 1 kiloqram 808,8 qram güclü təsir edən maddə, 10 kiloqram 37,6 qramı zəhərli maddə, 80 min 96 ədəd narkotik xassəli çətənə bitkisi qanunsuz dövriyyədən götürülüb.
Məsuliyyətə cəlb edilmiş 80 xarici ölkə vətəndaşından 37-si İran, 9-u Gürcüstan, 11-i Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna, 1-i Maldiv və 16-sı Rusiya vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 39 kiloqram 711,593 qram və 4 min 178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, habelə 16 min 759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.
Cari ilin 10 ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 235 fakt aşkarlanıb. Həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 580 kiloqram 51,668 qram və 35 min 540 ədəd həb, 2 min 48 ədəd kapsul, 1470 qram MDA və 110 millilitr müxtəlif növ narkotik vasitə və psixotrop maddə çıxarılıb.
Ümumilikdə, aşkarlanmış cinayətlərin 324-ü qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən 1 ton 870 kiloqram 56,294 qram və 9 min 548 həb narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 532,683 hektar sahədən çəkisi 172 ton 753 kiloqram 608,85 qram olan 381 min 528 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitki müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun təşkilatçılığı ilə bu il mayın 5-6-da məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402 kiloqram müxtəlif növ narkotik vasitə, 215 kiloqram psixotrop maddə və onların prekursorları və 28 min 697 ədəd çətənə bitkisinin məhv edilməsi prosesi həyata keçirilib.
Təhlil göstərir ki, 2021-ci ilin 10 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkarlanan faktların ümumi sayı 2 min 80, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 394, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1672, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 21 fakt, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 47 fakt, məsuliyyətə cəlb olunmuş şəxslərin sayı 1821 nəfər artıb.
Həmçinin qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 349 kiloqram 643,829 qram, qrup halında olan cinayətlərin sayı 5 fakt, bu kateqoriyadan olan digər cinayətlərin sayı 7 fakt azalıb.
Səhiyyə Nazirliyinin məlumatına əsasən 2021-ci il dekabrın 31-nə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34602 nəfər təşkil edib. Həmin şəxslərdən 27106 nəfəri dispanser, 7496 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 556 nəfəri qadındır. 24 min 850 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 9752 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir.
Hesabat dövründə 695 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxmuşdur. Ümumilikdə 1987-ci ildən Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 10 min 65 nəfər qeydiyyata götürülüb (9 min 737-si Azərbaycan vətəndaşı, 328-i əcnəbi). İİV-ə yoluxanların 7 min 171-i kişi, 2 min 894-ü qadındır. Onlardan 3 min 551-i İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş verib. Həmin kateqoriyadan olan şəxslərin 2 min 494 nəfəri hazırda dispanser qeydiyyatındadır.
Bu ilin 10 ayı ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 700 pasiyentdən 88 nəfəri inyeksion narkotik istifadəçisi olub.
Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən Dövlət Proqramına uyğun olaraq, müasir informasiya texnologiyalarının imkanlarından istifadə edilməklə, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində məqsədyönlü işlər görülüb, bu sahədə fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilib, qarşılıqlı əməkdaşlıq nəticəsində ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilib.
Cari ilin 10 ayı ərzində maarifləndirmə tədbirləri çərçivəsində ümumilikdə 203 tədbir (şəhər, rayon komissiyaları ilə 47 görüş, televiziya kanallarında 4 dəyirmi masa, 86 maarifləndirmə tədbiri, 4 ümumtəhsil məktəblərinin şagirdləri ilə seminar, Gənclərin İnkişaf və Karyera Mərkəzinin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində və digər strukturlarda 47 təlim, 7 kütləvi-mədəni tədbir, 4 idman növü üzrə turnir və 4 fləşmob) təşkil edilib.
Hesabat dövrü ərzində 802 - qaynar xətt telefon zəng xidmətinə 1792 vətəndaş müraciəti daxil olub ki, onların 222-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 721-i narkotik asılılıqdan müalicə, 849-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 943 məktub ünvanlanıb.
Belə ki, 802 - qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

 

Cəmiyyət 2022-11-28 12:24:00