×
A
A
A
Sazlamalar

Bakıda "Gender bərabərliyi və idarəetmə” mövzusunda təlimlərə start verilib

Bakı, 28 noyabr, AZƏRTAC

Noyabrın 28-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı və Avropa İttifaqının dəstəyi ilə "Gender bərabərliyi və idarəetmə” mövzusunda ikigünlük təlimlərə start verilib.
AZƏRTAC xəbər verir ki, “Aİ gender bərabərliyi naminə: islahat üzrə yardım xidməti” layihəsi çərçivəsində təşkil edilən təlimlər yerli icra hakimiyyətlərinin gender məsələləri üzrə məsul şəxsləri üçün nəzərdə tutulub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, ölkəmizdə 2006-cı ildə "Gender (kişi, qadın) bərabərliyinin təminatları haqqında" Qanun qəbul olunduqdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il Milli Məclis qarşısında hesabat verilir. Sədr müavininin sözlərinə görə, ölkədə gender məsələləri ilə bağlı vəziyyəti təhlil etmək üçün müəyyən komitələrə, nazirliklərə və bir sıra şirkətlərə müraciət olunur. Artıq müəyyən dövlət qurumlarında gender məsələləri üzrə məsul şəxslər təyin edilib. S. Qəhrəmanova məişət zorakılığının qarşısının alınmasında və ailələrdə gender münasibətlərinin formalaşmasında, eyni zamanda yerli özünüidarəetmə orqanlarında qadınların təmsilçiliyinin artırılmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, iki gün davam edəcək təlimlər gələcəkdə gender məsələləri ilə bağlı daha dolğun məlumatların alınmasına töhfə vermək məqsədi daşıyır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini gender bərabərliyinin təmin olunması istiqamətində regionlarda da müəyyən işlərin aparıldığını diqqətə çatdırıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Beynəlxalq yardım və əməkdaşlıq şöbəsinin əməkdaşı Məryəm Hacı-İsmayılova gender bərabərliyinin təmin olunmasının vacib məsələ kimi qarşıya qoyulduğunu vurğulayıb. Bildirib ki, məqsəd mövcud şəraitdən hər iki cinsin nümayəndəsinin bərabər yararlanmasının təmin edilməsidir.
Təlimçi, "Regional İnkişaf Uğrunda" Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl “Gender bərabərliyi konsepsiyası və çərçivəsi”, “Gender bərabərsizliyinin səbəbləri və nəticələri”, “Gender indikatorları və yoxlama alətləri” və digər mövzularda iştirakçıları məlumatlandırıb.
Təlimlər sual-cavab və müzakirələrlə davam edib.
Qeyd edək ki, “Aİ gender bərabərliyi naminə: islahat üzrə yardım xidməti” layihəsi regional layihədir və Aİ və "Şərq tərəfdaşlığı" Proqramının iştirakçısı olan ölkələri əhatə edir.

Cəmiyyət 2022-11-28 10:58:00