×
A
A
A
Sazlamalar

Ağdaş şəhər 3 nömrəli məktəbin 140 illik yubileyi qeyd olunub

Ağdaş, 27 noyabr, AZƏRTAC
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş şəhəri 3 nömrəli tam orta məktəbin 140 illik yubileyinə həsr olunan “Üç əsrin şahidi” adlı tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Ağdaş Şəhər İcra Hakimiyyəti başçısının müavini İsmayıl Yusifzadə, təhsil işçiləri, məktəbin yaşa görə pensiyaya çıxmış müəllimləri, məzun şagirdləri və digər qonaqlar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra 3 nömrəli tam orta məktəbdə təhsil ocağının tarixini əks etdirən sərgiyə baxış keçirilib, sinif otaqlarında tədris izlənilib.
Ağdaş şəhəri Habil Əliyev adına musiqi məktəbində təşkil olunan tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib və Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları məktəbin tarixini və keçdiyi yolu əks etdirən videoçarxı izləyiblər.
Məktəbin direktoru Ələs Novruzov çıxış edərək 140 ildir ki, fəaliyyət göstərən məktəbin tarixi, qazandığı uğurları, tanınmış ziyalıları və məzun şagirdləri haqqında məlumat verib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, məktəbin məzunu Məzahir Əfəndizadə bu gün Azərbaycan təhsilinin inkişafına böyük diqqət və qayğının göstərildiyini, bu inkişafın Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Həmçinin təhsil aldığı bu məktəbin yubiley tədbirinə dəvət olunduğuna görə öz təşəkkürlərini bildirib.
İcra hakimiyyəti başçısının müavini İsmayıl Yusifzadə çıxışında XIX əsrdə belə bir dünyəvi məktəbin açıldığını və gələcək nəsillərin inkişafında və yetişməsində ziyalı təhsil işçilərinin əvəzsiz xidmətləri olduğunu qeyd edib.
Təhsil İdarəsinin müdiri Elçin Kərimov çıxışında bildirib ki, Ağdaş şəhər 3 nömrəli tam orta məktəb tarixinə görə Regional Təhsil İdarəsinin əhatə etdiyi təhsil müəssisələri arasında ən qədim təhsil ocağıdır. Həmçinin bu təhsil müəssisəsinin zəngin ənənələrə malik olduğunu və Ağdaş təhsilinin milli-maarifçilik hərəkatının geniş vüsət aldığı dövrdən bu günə qədər tarixi inkişaf yolu keçdiyini qeyd edib.
Tədbirdə çıxış edənlər məktəbin 140 illik yubileyi münasibətilə təbriklərini çatdırıb və təhsil ocağının daim yeni-yeni uğurlara imza atmasını arzulayıblar.
Tədbir şagirdlərin ifasında şeirlər, mahnılar və ədəbi-bədii kompozisiyalarla davam edib.
Sonda uzun illər gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyəti və nümunəvi xidmətlərinə görə bir qrup müəllim Təhsil İdarəsinin fəxri fərman və hədiyyələri ilə təltif edilib.
Qeyd edək ki, Azərbaycanda açılan ilk dünyəvi məktəblərdən biri olan bu məktəb 1882-ci ildə “Rus-tatar” məktəbi olaraq 2 sinif olmaqla, ümumilikdə 18 şagirdlə fəaliyyətə başlayıb. Bəkir Nəbiyev, Maqsud Şeyxzadə, Habil Əliyev, Bürhan Kərimov, Yaşar Səlimov, Ramiz Hacıyev kimi bir sıra məşhur və tanınmış ziyalılar 140 ildir fəaliyyət göstərən bu təhsil ocağında təhsil alıblar.

Regionlar 2022-11-27 15:12:00