×
A
A
A
Sazlamalar

Valeh Hacıyev: Prezident İlham Əliyevin “Bir millətin iki diasporu olmaz” ideyası Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyətinin təməlini qoyub

İstanbul, 27 noyabr, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı bu gün həm Anadolu türklərinin, həm də azərbaycanlıların həyat rəmzinə çevrilib. Prezident İlham Əliyevin Azərbaycan və Türkiyə diasporlarının birgə fəaliyyət strategiyasını irəli sürən “Bir millətin iki diasporu olmaz” ideyası iki diasporun birgə fəaliyyətinin təməlini qoyub. Bunun davamı olaraq Şuşa Bəyannaməsində yer alan diasporlararası məsələlər isə Azərbaycan və Türkiyə diasporunun, ümumiyyətlə, türkdilli ölkələrin diasporlarının birgə fəaliyyət strategiyasının perspektivlərinə yeni üfüqlər açdı.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib.
İstanbulda keçirilən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) VI Qurultayı haqqında danışan Valeh Hacıyev bildirib ki, tədbirdə həm görülən işlərin hesabatı verilib, həm də gələcək fəaliyyətlər müzakirə edilib, federasiyanın yeni idarə heyəti və sədri müəyyən olunub.
Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diasporumuz və bütövlükdə Diasporla İş üzrə Dövlət Komitəsi ilə bağlı müəyyən tapşırıq və göstərişləri var. TADEF-in qurultayında bu göstərişlərin icrası ilə bağlı məsələlər də müzakirə olunub. Bu kimi müzakirələr zəminində gələcəkdə görüləcək işlərin yol xəritəsi hazırlanıb.
“Tədbir zamanı Türkiyədə fəaliyyət göstərən Azərbaycan dərnəkləri dünya azərbaycanlılarına, o cümlədən Cənubi Azərbaycanda yaşayan həmvətənlərimizə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür və dəstək məktubu ünvanladılar. Bununla da Türkiyədə yaşayan və fəaliyyət göstərən həmvətənlərimiz daim Vətənimizin və dövlətimizin, eləcə də Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın yanında olduqlarını bir daha göstərdilər. Bu da birliyimizin daha bir nümunəsidir. Ümumiyyətlə, dünyada baş verən hadisələrin, münaqişələrin içində olmaq, istər Azərbaycan, istərsə də Türkiyə əleyhinə alınan qərarlara qarşı çıxmaq sözsüz ki, diasporlarımızın da əsas birgə fəaliyyət istiqamətlərindəndir”, - deyə komitə sədrinin müavini bildirib.
Günel Məlik
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Diaspor 2022-11-27 09:19:00