×
A
A
A
Sazlamalar

Müdafiə Nazirliyi: Rusiya sülhməramlılarının komandanlığını yaşayış məntəqələrimizin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq

Bakı, 26 noyabr, AZƏRTAC

Təəssüflə bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bundan başqa hər dəfə Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi də arzuolunmaz haldır.
“Bir daha bildiririk ki, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilib və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edilib”, - deyə açıqlamada qeyd olunub.
Həmçinin Müdafiə Nazirliyi Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını nazirliyin rəsmi müraciətində qeyd olunan düzgün toponimlərlə ifadə etməyə çağırır.
“Sonda Rusiya tərəfinin nəzərinə çatdırırıq ki, onların 2022-ci il 26 noyabr tarixli rəsmi məlumatında “Mardakert” və "Martuni" adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR”, - deyə açıqlamada vurğulanıb.

Ordu 2022-11-26 21:17:00