×
A
A
A
Sazlamalar

Gürcüstandan Azərbaycan sərhədinədək olan magistral yolda 30 kilometrədək növbə yaranıb

Tbilisi, 26 noyabr, AZƏRTAC

Son günlər Gürcüstandan Azərbaycana gedən əsas avtomagistral yolda çox böyük növbə var.
AZƏRTAC xəbər verir ki, magistral yolda ağırtonajlı yük avtomobillərinin 30 kilometr uzunluğunda tıxacı yaranıb.
Rustavi şəhərindən bir qədər məsafədən başlayan növbə Marneuli rayonunun Kürüstü ərazisində altı kəndin - Ambarovka, Keşəli, Kəpənəkçi, İlməzli, birinci və ikinci Kosalı kəndlərinin ərazisindən keçir. Yolboyu Rusiya, Türkiyə, Azərbaycan, Gürcüstan, Ukrayna, Özbəkistan, Qazaxıstan, İran və digər ölkələrdən olan yük avtomobillərinin sürücüləri acınacaqlı vəziyyətlə üzləşiblər.
Özbəkistandan gələn sürücü Vitali Nasirov deyir: "Artıq üç gündür ki, buradayam. "Qırmızı Körpü"yə 20 kilometr qalıb, amma sərhədə nə zaman çatacağımız və keçəcəyimiz bəlli deyil. Gürcüstan polisi yolda hərəkətin təhlükəsizliyi məqsədilə postlar qurub. Lakin, bu, bizim şəraitimizi yaxşılaşdırmır. Havaların soyuması da bir tərəfdən problem yaradır. Bir sözlə yolda çox acınacaqlı vəziyyət yaranıb". Özbəkistandan başqa bir ölkəyə yük aparan sürücü Erkin Omanov da vəziyyətin ağırlığından şikayət edir: "Dörd gündür yoldayam. Ərzaq, su ehtiyatımız azalır. Soyuqlar da düşüb. Düşünürəm ki, beynəlxalq yükdaşınmalarda səmərəliliyi artırmaq üçün dəhlizlərin sayı artırılmalıdır. Təkcə bir yoldan istifadə etməklə problemi həll etmək olmaz. Burada başqa sürücülərlə söhbət zamanı tez-tez Zəngəzur dəhlizindən danışırlar. Düşünürəm ki, Zəngəzur dəhlizi açılsa, beynəlxalq yükdaşınmalarda problem qalmaz. Biz də belə əzab-əziyyət çəkmərik".
Türkiyədən gələn sürücü Osman Eyyuboğlu bir ay əvvəl Zəngilan hava limanına yük gətirdiyini bildirir. O deyir ki, əgər yüklər yalnız Azərbaycana getsəydi, başqa vəziyyət olardı. Amma bu yüklərin əksəriyyəti Azərbaycandan keçməklə başqa ölkələrə aparılır. Əgər Zəngəzur dəhlizi açılsa, bu yüklərin xeyli hissəsi məhz həmin yolla daşınardı və burada belə böyük növbə yaranmazdı.
Osman Eyyuboğlu deyir: "Maraqlıdır ki, Gürcüstan - Rusiya sərhəd-keçid məntəqəsində də böyük tıxac var. Ermənistandan gələn və ya bu ölkəyə gedən yüzlərlə yük maşını sərhəddə növbə gözləyir. Ermənilər başa düşməlidirlər ki, indi müxtəlif bəhanələrlə vaxt uzatmağın mənası yoxdur. Zəngəzur dəhlizi tez açılmalıdır ki, onların dünyaya çıxışı asanlaşdın".
Sərhəddə növbə gözləyənlər sırasında Azərbaycanlı sürücülər də var.
Sürücü Şahraz Cəfərov deyir ki, artıq 5 gündür Gürcüstan ərazisində yoldadırlar: "Artıq beş gündür burada növbə gözləyirik. Yaxşı ki, ətrafda Azərbaycan kəndləri var. Onlar bizi ərzaq və digər lazımi şeylərlə təmin edirlər. Yoxsa vəziyyətimiz daha ağır olar. Biz Türkiyə və Rusiya ilə sərhədlərdə də oluruq. Hər zaman deyirik ki, Zəngəzur dəhlizi açılmalıdır. Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı təklifi beynəlxalq yükdaşınmalarda, xüsusən də bizim regionda mövcud olan problemlərin həllində mühüm rol oynayacaq. Amma təəssüf ki, Ermənistan hələ də bunu başa düşmür".
Digər azərbaycanlı sürücü Vüsal Yolçuyev də eyni fikirləri bölüşür: "Biz daim bu yollardayıq. Düşünürəm ki, dəhlizlərin sayının artırılması təkcə Azərbaycandan deyil, Ermənistan, Gürcüstan və digər region ölkələrindən beynəlxalq yükdaşınmalarda mühüm rol oynayacaq".
Məsələyə Gürcüstan ilə Azərbaycan arasındakı "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində növbə rəisi işləyən Qiorgi Quraşvili də aydınlıq gətirib: "Beynəlxalq yük daşınmaların həcminin artdığı bir vaxtda, yüklərin rahat daşınması üçün Gürcüstan ərazisindəki bütün gömrük-keçid məntəqələri xüsusi rejimdə işləyir. “Qırmızı Körpü” gömrük-keçid məntəqəsində də 24 saatlıq gömrük nəzarəti prosedurları həyata keçirilir. Həmçinin, qarşıya çıxan problemlərin həlli yollarını tez tapmaq üçün Azərbaycan gömrük orqanları ilə daim əlaqə saxlayırıq".
Onun sözlərinə görə, son günlər gecə və gündüz hər iki istiqamətdə 1000-dən çox yük avtomobilinə gömrük nəzarəti prosedurları həyata keçirilir. Əvvəllər isə bu rəqəm 600-700 arasında dəyişirdi.
"İş əmsalının artması bizim gücləndirilmiş iş rejimində çalışmağımızın nəticəsidir", - deyə Quraşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Cəmiyyət 2022-11-26 18:53:00