×
A
A
A
Sazlamalar

“Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikası medalının təsviri

Azərbaycan Respublikasının 
2022-ci il 5 noyabr tarixli
Qanunu ilə təsdiq edilmişdir

Maddə 1. Medalın ümumi təsviri

“Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində daxili və xarici çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir.
2.2. Xarici və daxili konturların arasında aşağı hissənin mərkəzində diametri 2 mm olan səkkizguşəli ulduz həkk edilmiş, ulduzun sol tərəfindən başlayaraq qövs boyunca “PROKURORLUQ ORQANLARI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ” sözləri yazılmışdır. Səkkizguşəli ulduz ilə yazıların arasında kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.
2.3. Daxili çevrədə yer kürəsi, onun mərkəzində paralellərin və meridianların kəsişməsi fonunda Azərbaycan Prokurorluğunun rəsmi emblemi təsvir edilmişdir. Emblemin aşağı hissəsində əməkdaşlıq simvolu əks olunmuşdur.
2.4. Medalın ön tərəfinin səthi nahamardır, yazılar və təsvirlər relyeflidir, qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində qızılı rəngli fonda “AZƏRBAYCAN RESPUBLİKASININ PROKURORLUĞU” sözləri yazılmışdır.
3.2. Medalın arxa tərəfinin aşağı hissəsində medalın seriyası və nömrəsi göstərilir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, üst və alt hissələrinə 40 mm x 5,5 mm ölçülü qızılı rəngli hamar metal lövhə bərkidilmiş, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir.
4.2. Tünd qırmızı xara lentin hər iki kənarında 1,5 mm enində və onların hər birindən mərkəzə doğru 4 mm aralı 2,5 mm enində sarı rəngli şaquli zolaqlar təsvir edilmişdir.
4.3. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.

 

“Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə”
Azərbaycan Respublikasının medalı
 

Qanunlar 2022-11-26 17:23:00