×
A
A
A
Sazlamalar

Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş növbəti konsert proqramı Filarmoniyada keçiriləcək

Bakı, 26 noyabr, AZƏRTAC

Dekabrın 22-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, konsertdə R.Hacıyev adına 15 nömrəli Uşaq Musiqi Məktəbinin şagird və müəllim heyəti, həmçinin Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (Bədii rəhbər və baş dirijor Fəxrəddin Kərimov) çıxış edəcəklər.
Qeyd edək ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından olan Fikrət Əmirov musiqinin demək olar ki, bütün janrlarına müraciət edərək çox dəyərli sənət əsərləri yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu əsərlər öz bədii məzmunu, etik əhəmiyyəti, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın zəngin və rəngarəng yaradıcılığının əsas qayəsini milli üslubda professional musiqi əsərləri yaratmaq təşkil edib. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan F.Əmirov hətta bu istiqamətdə yeni bir janr da yaradıb ki, bu da dünya musiqisində heç bir analoqu olmayan simfonik muğam janrıdır. Bəstəkarın özünəməxsus musiqi dili olduğuna görə onun simfonizmi çox möhtəşəmdir. Bunun da əsas səbəbi bəstəkarın milli musiqini dərindən bilməsi və onu Qərb musiqi alətlərinin dilinə çevirmək bacarığından irəli gəlir. Bu cəhətlər Fikrət Əmirovun bütün əsərlərində sanki qırmızı xətlə keçir. Böyük bəstəkar xalq musiqimizə sadəcə bəstəkar kimi deyil, onun keşiyində duran və onu qoruyan, həmçinin yaşadan bir sənətkar kimi yanaşıb. Bu səbəbdən də ölməzlik qazanıb.

 

Mədəniyyət 2022-11-26 17:16:00