×
A
A
A
Sazlamalar

“Eurasiya Daily”nin canfəşanlığı nə ilə bağlıdır?

Bakı, 26 noyabr, Vüqar Seyidov, AZƏRTAC

Noyabrın 22-də “Eurasiya Daily” informasiya-təhlil portalı öz saytında gənc müəllif Pyotr Makedensevin “Qarabağ məhək daşı: Azərbaycan nəyə görə Ruben Vardanyanı Rusiya ilə bağlayır?” sərlövhəli məqaləsini dərc edib. Bu məqalənin sifarişli olması şübhə doğurmur, hətta sifarişin haradan verildiyini də təxmin etmək olar. Ona görə də bu məqaləyə rəyimiz sifarişçilərə ünvanlanacaq. Onlar öz arqumentlərinin zəif cəhətlərini, hansı epizodlarda gənc podratçının açıq-aşkar səhv edərək onları güdaza verməsini bilsələr maraqlı olar.
Məqalə müəllifi yazının lap əvvəlində Azərbaycanı hədələməyi özünə rəva görür. O, Prezident İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi Dirk Şubelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə çıxışından sitat gətirərək Azərbaycan dövlətinin başçısının Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsinə müsbət qiymət verməsini vurğulayır, hətta Prezidentin bu sözlərini qara şriftlə diqqətə çatdırır: “Əlbəttə, Şərq Tərəfdaşlığına gəldikdə, bu proqramın əvvəlindən Azərbaycan onu güclü şəkildə dəstəklədi və Zirvə görüşləri daxil olmaqla müxtəlif tədbirlərdə fəal iştirak etdi”.
Bir qədər sonra aşkar görünür ki, Prezidentin verdiyi bu müsbət qiymət gizli kuklaçıların təəssüfünə səbəb olub. Onlar nəinki məmnun qalmayıb, hətta bitərəf emosiyalar da göstərməyiblər. Digər postsovet dövlətinin siyasi seçiminə Azərbaycanın münasibətindən söhbət gedən hissədə müəllifin “təhlükə” sözünü işlətməsi buna əyani sübutdur.
Cənablar, nəyə görə “təhlükə”? Siz nədənsə qorxursunuz? Bakı haçansa özünün müstəqil siyasətindən imtina edərək sizin siyasi kursunuzu təkrarlamaq öhdəliyi götürübmü?
Nə isə... Bəs aşağıdakı sözləri necə anlayaq: “Şərq Tərəfdaşlığına münasibət heç də bayağı məsələ deyil, çünki bu qurumda Azərbaycandan əlavə Moldova, Ukrayna, Belarus, Gürcüstan və Ermənistan da iştirak edirdi. Bildiyimiz kimi, 2013-2014-cü illərdə Ukraynada Avromaydan hərəkatının səbəblərindən biri Avropaya inteqrasiya məsələsi olub. Nəticədə Avratlantik yolun tərəfdarları Rusiya ilə inteqrasiyanın tərəfdarlarına təzyiq göstərməyə başladılar və Krımın Ukraynadan ayrılmasına “nail oldular”. Prezident İlham Əliyevin sözləri o demək deyilmi ki, rəsmi Bakı Şərq Tərəfdaşlığının digər iştirakçıları üçün Avratlantik yolun tərəfdarı kimi çıxış edir”.
Bu nə deməkdir? Eyham, yoxsa hədə? Biz təxminən başa düşürük, lakin açıq deyin: siz nə münasibətlə indi Krımı bizə xatırlatdınız və nəyə eyham vurursunuz? “Cəzalandırılma” riskinə? Cənablar, yəqin unutmusunuz ki, İttifaq dövləti dağılandan sonra Azərbaycan heç kimlə əbədi ittifaq barədə müqavilə “imzalamayıb”. Vaxtilə (yeri gəlmişkən bizim istəyimizlə olmasa da) birlikdə yaşamışıq, lakin indi hərənin öz yolu var və bizi qorxutmaq lazım deyil. Belə hədə-qorxuları çox görmüşük!
Məqalənin müəllifi Prezident İlham Əliyevin “Şərq Tərəfdaşlığına üzv olan digər beş ölkə ilə bizim fərqli münasibətlərimiz var” cümləsini xüsusi canfəşanlıqla təhlil edərək orada faktoloji “qeyri-dəqiqlik” axtarır, hesab edir ki, belə ölkələrin sayı beş deyil, dörddür, amma özü gülünc vəziyyətə düşür, etiraf edir ki, Belarus Şərq Tərəfdaşlığında iştirakını dayandırıb. Bəli, çıxmayıb, dayandırıb, yəni təşkilatda üzv ölkələrin sayı Azərbaycandan başqa dörd deyil, beşdir!
Müəllif daha sonra Prezident İlham Əliyevin nitqindən “kənardan göndərilmiş” Ruben Vardanyan barədə sitatı təhlil edərək qızışır, dövlət başçısının dediyi sözləri “sərt ittiham” adlandırır. Bəli, ittiham sərtdir, amma adekvatdır! Ancaq xatırlatmaq istəyirik ki, əgər Prezident İlham Əliyev bir söz deyirsə, bu sözün arxasında dəfələrlə yoxlanılmış faktlar dayanır. Cənab Prezident deyirsə, deməli, belədir. Məqalənin sifarişçiləri də, müəllifi də bu həqiqəti heç vaxt unutmamalıdırlar!

Siyasət 2022-11-26 17:05:00