×
A
A
A
Sazlamalar

Ukrayna KİV-ləri: Fransa Senatının Azərbaycana qarşı qətnaməsi Avropa İttifaqının öz prinsiplərinə də ziddir

Kiyev, 26 noyabr, AZƏRTAC

Ukrayna KİV-lərində son vaxtlar Fransanın Ermənistana göstərdiyi güclü dəstəyin yarada biləcəyi təhlükəyə dair məqalələr dərc edilib.
AZƏRTAC xəbər verir ki, “RBK-Ukrayna”, “kp.ua” və digər xəbər portallarında dərc edilən “Erməni diasporu diqqəti Ukraynadan Qarabağa yönəltməyə çalışır” sərlövhəli məqalələrdə erməni diasporu ilə əlaqəsi olan müxtəlif səviyyəli fransız siyasətçilərin Ermənistana görünməmiş dəstək verdikləri vurğulanıb. Qeyd edilib ki, Fransa hökuməti bu yaxınlarda İrəvan üçün 100 milyon avro məbləğində kreditlə razılaşıb. Fransızların ermənilərə qarşı bu cür “alicənablığı”, sadəcə olaraq, İrəvanı Qarabağ müharibəsinin qurbanına çevirmək cəhdidir. Fransa siyasətçiləri Ermənistanı dəstəkləməklə dünyanın diqqətini Ukrayna müharibəsindən Cənubi Qafqaza keçirməyə çalışırlar.
“Fransa siyasi cəbhəsində Qarabağ münaqişəsi ilə bağlı Ermənistanı “qurban” kimi qələmə verirlər. Azərbaycan Rusiyanın Ukraynadakı hərəkətlərinin müəyyən analoqu kimi təqdim olunur. Bu, nə tarixi retrospektivdə, nə də beynəlxalq hüquqda mövcud olan reallığa qətiyyən uyğun gəlmir”, - deyə beynəlxalq ekspert İqor Çalenkoya istinadla qeyd edilir.
Problemin tarixinə qısaca nəzər salsaq görərik ki, məhz Ermənistan ruslardan ilhamlanaraq və dəstək alaraq bir vaxtlar Qarabağı ələ keçirməyə cəhd göstərmiş, eyni zamanda, Rusiya istehsallı raketlərdən istifadə edərək dinc şəhərlərə zərbələr endirmişdir.
“Fransa Senatı kifayət qədər ziddiyyətli və tamamilə qeyri-demokratik qətnamə qəbul edib. Burada Azərbaycana qarşı neft və qazla bağlı embarqo qoyulmasını tələb edir və müvafiq olaraq, Rusiya ilə erməni separatizmini dəstəkləyərək, bu gün gedən bütün resursları, o cümlədən müharibədə Ukraynaya dəstək verməyə çalışır”, – deyə Çalenko izah edir.
Məqalələrdə qeyd edilir ki, Fransadakı bir milyona yaxın erməni diaspor nümayəndəsinin ruhlandırdığı qətnamə təkcə Ukraynanın deyil, həm də Avropa İttifaqının öz prinsiplərinə ziddir. Çünki Rusiya neftini qazla əvəzləməyi planlaşdırılan bütün karbohidrogen mənbələri Azərbaycanda yerləşir. Bu ölkə gələcəkdə Aİ-nin enerji sektorunda strateji tərəfdaşıdır.
Beləliklə, fransalı senatorların diqqəti Ukrayna problemlərindən Ermənistana yönəltmək cəhdləri Avropanın özü üçün risklər daşıyır. Hadisələrin belə inkişafında isə yalnız İrəvan və Moskva maraqlıdır.
Bu cür siyasi manevrlərlə fransızlar öz monetar maraqlarını bağlamağa çalışırlar. Fransa iqtisadi və enerji baxımından Moskvadan asılıdır. Lakin Moskva-İrəvan-Paris üçbucağının cəhdlərinə baxmayaraq, Ukrayna və Azərbaycan suveren ərazilərin qorunması məsələlərində qətiyyətlidirlər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Siyasət 2022-11-26 16:36:00