×
A
A
A
Sazlamalar

“Avstraliya, Hindistan, Pakistan, Rusiya, İngiltərə, Fransa bazarlarına da kəlağayı göndərmişik” – Basqallı kəlağayı ustası REPORTAJ VİDEO

İsmayıllı, 26 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Zəngin tarixi, köklü mədəniyyəti və gözəl təbiəti olan İsmayıllı rayonunun Basqal qəsəbəsi həm də qədim sənət sahələrini yaşatması ilə tanınır. Azərbaycanın etnik mədəniyyətinin tərkib hissələrindən olan ipəkçilik belə sənət sahələrindəndir. İpəkçiliyin kəlağayı qolu Basqal qəsəbəsində daha çox inkişaf edib.
AZƏRTAC-ın əməkdaşı Basqal qəsəbəsində olub, kəlağayının necə hazırlanması ilə maraqlanıb.
İsmayıllı Rayon İcra Hakimiyyətinin Basqal qəsəbəsi üzrə nümayəndəsi Novruz Əsədov deyir ki, kəlağayı sənəti çox qədim olsa da, zamanla bu sənətə maraq azalıb. Hətta məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2014-cü il noyabrın 26-da bu sənət Basqal kəlağayısının timsalında UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil olunaraq əvvəlki əzəmətini qaytarıb: “Kəlağayının UNESCO-da qeydiyyatdan keçməsi ilə bu sənətin konsepsiyası işləndi, kitablar yazıldı, filmlər hazırlandı. Beləliklə, Azərbaycan xalqının həm kəlağayı sənətinə olan münasibəti dünyaya sübut olundu, həm də ölkəmizin itməkdə olan bu sənəti xalqa qaytarıldı”.
Basqal qəsəbəsində kəlağayı ərsəyə gətirən və bu sənəti günümüzə qədər qoruyub saxlayan ustalardan biri 62 yaşlı Abbasəli Talıbovdur. İndiyədək saysız-hesabsız kəlağayı hazırlayan sənətkar hər gün səhər saatlarında evindən çıxır, tarixin sirlərini özündə saxlayan dar küçələrdən keçərək, öz kiçik emalatxanasına gəlir. Bu sənətin ona ata-babasından yadigar qaldığını deyən usta bildirir ki, peşəkar kəlağayı ustası olmaq üçün təkcə bu sənəti dərindən öyrənmək kifayət etmir. “Kəlağayıçılıqda elm xüsusi önəmə sahibdir, ona görə də peşəkar kəlağayı ustası olmaq üçün yüksək elmə sahib olmalısan. Elm insanın bələdçisidir. Riyaziyyat, həndəsə, kimya. Rənglərin hamısı kimyadır, kəlağayının naxışlarının hamısının ölçüsü riyaziyyatla hesablanır. Üçbucaq, 50 dərəcəli bucaq, bunlar həndəsi biliklər tələb edir. Hətta kəlağayının küncünə qədər naxışları vuranda 45 dərəcə bucaq tuturuq ki, 90 dərəcəli bucaq alınsın. Bizim kəlağayımız bu gün dünya bazarlarına çıxır. Avstraliya, Hindistan, Pakistan, Rusiya, İngiltərə, Fransa bazarlarına belə kəlağayı göndərmişik”, - deyir sənətkar.
Bu qədim və gəlirli peşəni əmisindən öyrəndiyini söyləyən Abbasəli usta artıq 42 ildir ömrünü kəlağayı sənətinə həsr edib. O, sənətin xırdalıqlarını isə qəsəbənin baş ustası Qadir ustadan öyrənib.
Kəlağayının hazırlanma texnologiyasından danışan sənətkar bildirir ki, parçaların bəzədilməsinin bir neçə üsulu var. Onlardan biri də basma naxışdır: “Bu üsulla çoxrəngli, müxtəlif çalarlı naxışlı parçalar xüsusi qəliblərdə hazırlanır. Daha sonra çəlləklərdə rəngli suda boyanan kəlağayılar ipdən asılır. Bir neçə saat boyaxanada saxlanılan baş örtükləri daha sonra qurutma otağına daşınır”.
Abbasəli usta kəlağayı sənətinə o qədər vurğundur ki, günün necə keçdiyindən belə xəbəri olmur. Hər gün işlərini yekunlaşdırdıqdan sonra zahirən balaca, daxilən zəngin olan emalatxanasını tərk edərək evinə üz tutur.
Xatırladaq ki, 26 noyabr Azərbaycan kəlağayısı günü kimi qeyd olunur.

Regionlar 2022-11-26 15:27:00

Video