×
A
A
A
Sazlamalar

Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə inşa olunmuş evlərə çıxarış verilməsi davam edir

Bakı, 26 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi” haqqında 2022-ci il 7 aprel tarixli Fərmanının icrası istiqamətində müvafiq tədbirlər görülür.
Fərmanın icrası çərçivəsində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Şamaxı rayonunda təbii fəlakət nəticəsində dağılmış və ya yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi məqsədilə səyyar qeydiyyat xidməti göstərilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, xidmət çoxmənzilli yaşayış binasında olan mənzilləri və fərdi yaşayış evlərini əhatə edib. Şamaxıda adıçəkilən Fərmanın əhatə etdiyi 174 ev siyahıya alınıb.
Belə tədbirlər sayəsində vətəndaşlar heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaklarına dair çıxarışları əldə edirlər. Bütün bunlar isə vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına səbəb olur.
Əmlak Məsələləri Dövlət Xidməti adıçəkilən Fərmanın icrası çərçivəsində yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim olunan siyahıya uyğun (Gəncə, Şəki, Yevlax, Şirvan, Balakən, Beyləqan, Gədəbəy, Göygöl, İmişli, Kürdəmir, Qax, Qəbələ, Zərdab) səyyar qeydiyyat xidmətlərinin göstərilməsini davam etdirəcək.

 

Regionlar 2022-11-26 15:17:00