×
A
A
A
Sazlamalar

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin növbəti taktiki-xüsusi təlimi keçirilib

Bakı, 26 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlığının yüksəldilməsi məqsədilə qurumun Mülki müdafiə qoşunlarında reallaşdırılan təlimdən əvvəl hazırlıq mərhələsi keçirilib. Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri, FHN Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev təlimin əhəmiyyətindən danışaraq, beynəlxalq humanitar əməliyyatlar zamanı görülməsi vacib olan məsələlərə toxunub.
Sonra təlimə start verilib.
FHN-in Akademiyasında və Mülki müdafiə qoşunlarının təlim poliqonunda iki mərhələdə keçirilən taktiki-xüsusi təlimin birinci mərhələsində Dəstənin humanitar əməliyyatlarda iştirakı məqsədilə hazır vəziyyətə gətirilməsi üzrə tədbirlər yerinə yetirilib. Dəstə üzvləri tərəfindən şəxsi heyətin toplanması, yaranmış vəziyyət və qarşıya qoyulan tapşırıqların dəqiqləşdirilməsi, müvafiq qərarların qəbul olunması üzrə tədbirlər icra olunub. Eyni zamanda, şəxsi heyətin təhlükəsizlik qaydaları barədə təlimatlandırılması, tibbi və digər təminat növlərinin təşkili həyata keçirilib.
Təlimin ikinci mərhələsində FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə göndərilməsi üzrə tədbirlərin dəqiqləşdirilməsi, şərti olaraq yaradılmış sərhədkeçmə və gömrük məntəqələrində müvafiq prosedurların həyata keçirilməsi təmin olunub. Hadisə yerində yaranmış şəraitin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrinin nümayəndələrinin iştirakı ilə axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi uğurla icra olunub. Eləcə də təlim zamanı Qəbul/Yolasalma Mərkəzi (RDC), Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzinin (UCC) fəaliyyəti təşkil olunub, həmin mərkəzlərin şəxsi heyətinin bilik və bacarıqlarının daha da artırılmasına xüsusi diqqət yetirilib.
Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.
Təlim çərçivəsində nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlıq məqsədilə Nazirliyin Akademiyasında bir neçə mərhələdə keçirilmiş “GPS” (Global Positioning System) kurslarına yekun vurulub. Kursları müvəffəqiyyətlə bitirən nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvlərinə sertifikatlar təqdim olunub. Sertifikatların təqdimetmə mərasimində FHN-in Akademiyasının rəisi general-mayor Baba Salayev iştirak edib.
Qeyd edək ki, kursların təşkilində məqsəd nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvlərinə humanitar əməliyyatlar zamanı GPS vasitələrindən istifadə qaydalarının tədrisi olub.

Cəmiyyət 2022-11-26 14:24:00