×
A
A
A
Sazlamalar

İstanbulda İƏT-in İqtisadi və Ticari Əməkdaşlıq üzrə Daimi Komitəsinin 38-ci iclası işə başlayıb

İstanbul, 26 noyabr, AZƏRTAC

Noyabrın 26-da İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi və Ticari Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMCEC) 38-ci iclası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə İƏT-ə üzv və müşahidəçi ölkələr, təşkilatın Baş katibliyi və müvafiq qurumları, eləcə də bəzi beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
Azərbaycan tədbirdə İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti tərəfindən təmsil olunur.
İclasın ilk iki günü media üçün qapalı şəraitdə keçirilir.
Tədbirin ilk günü yüksək səviyyəli mütəxəssislərin iştirakı ilə “İqtisadi Əməkdaşlıq Sahəsində Özəl Sektorun Rolunun Artırılması”, “Maliyyə əməkdaşlığının dərinləşdirilməsi”, “Nəqliyyat və Kommunikasiyanın Təkmilləşdirilməsi”, “Davamlı və Rəqabətli Turizm Sektorunun İnkişafı”, “Kənd Təsərrüfatı Sektorunda Səmərəliliyin Artırılması və Ərzaq Təhlükəsizliyinin Davamlılığının təmin edilməsi”, “Yoxsulluğun Azaldılması”, “Rəqəmsal Transformasiyada Əməkdaşlıq” kimi bir sıra mövzular müzakirə olunacaq.
Sonra “COVID-19 Pandemiyası işığında Effektiv Sosial Yardımın Təminatı və Sosial-İqtisadi Gücləndirmə” mövzusunda fikir mübadiləsi aparılacaq.
Sonda İƏT COMCEC-in növbəti, 39-cu toplantısının vaxtı müəyyənləşdiriləcək.
Noyabrın 29-dək davam edəcək tədbirin rəsmi açılış mərasimi noyabrın 28-də keçiriləcək.
Günel Məlik
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

İqtisadiyyat 2022-11-26 13:33:00