×
A
A
A
Sazlamalar

Qaxlı fermerlər təkrar qarğıdalı əkinlərindən 9,6 min tonadək yaşıl yem əldə ediblər

Qax, 26 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Qax rayonunun təsərrüfatlarında 310 hektarı dən, 417 hektarı yaşıl yem üçün olmaqla, 727 hektar sahədə təkrar qarğıdalı əkini aparılıb. Təsərrüfatlarda yaşıl yem üçün əkilmiş qarğıdalının biçini artıq başa çatıb. Torpaq mülkiyyətçiləri 9,6 min tonadək yaşıl kütlə əldə ediblər. Hər hektardan 230 sentner məhsul tədarük olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.
Bildirilib ki, dənlik qarğıdalı əkilmiş sahələrin isə indiyədək 205 hektarı biçilib, 861 ton məhsul tədarük olunub. Hər hektardan 42 sentnerədək məhsul götürülüb.
Qeyd edək ki, təkrar qarğıdalı əkininə görə fermerlərə dövlət tərəfindən hər hektara 86 manat subsidiya ödənilir. Təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edirlər ki, respublikada mal-qaranın yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır.
Sektor müdiri bildirib ki, təsərrüfatlarda tütün yığımı da başa çatmaq üzrədir. Fermerlər mövsümün əvvəlindən indiyədək emal məntəqələrinə 2434,2 ton yaş tütün təhvil veriblər. Məntəqələrdə bu günədək yaş tütün kütləsindən 291,5 ton quru tütün istehsal olunub.

Kənd təsərrüfatı 2022-11-26 12:53:00