“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Boyaqçılıq sənəti
Bakı, 26 noyabr, AZƏRTAC
"Şuşa İli" çərçivəsində Azərbaycan İstiqlal Muzeyi tərəfindən həyata keçirilən “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı” adlı layihə davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində bugünkü təqdimat Şuşanın boyaqçılıq sənətinə həsr olunub.
Qarabağda inkişaf etmiş sənət sahələrindən biri də boyaqçılıq idi. Qarabağda boyaqçılıq sənətinin əsas mərkəzi Şuşa şəhəri idi. XIX əsrin əvvəllərində burada fərdi şəkildə işləyən boyaqçı sənətkarlardan əlavə, 3 böyük boyaqxana fəaliyyət göstərirdi. Bu haqda məlumat verən mənbələrdən birində göstərilirdi: “Şuşada pambıq ipliyini, ipək və yunu boyamaq üçün 3 boyaqxana var ki, onlardan birində ancaq göy rəngə, qalan ikisində isə göy rəngdən başqa digər müxtəlif rənglərə boyayırlar”.
Qarabağ ərazisinin müxtəlif növ boyaq bitkiləri ilə zəngin olması burada boyaqçılıq sənətinin inkişafına güclü təsir göstərmişdi. Qırmızı rəng və onun müxtəlif çalarlarını almaqda əvəzsiz xammal hesab edilən boyaqotu (qızılboya) tədarükü Qarabağ xanlığında da inkişaf etmişdi. Burada hər il tədarük olunan 10 min pud boyaqotunun bir hissəsi xarici bazarlara çıxarılır, digər qismi isə yerli istehsala sərf olunurdu.
Azərbaycanın digər yerlərində olduğu kimi, Şuşada da boyaqçılar tut yarpağı, ceviz gərzəyi, nar qabığı, alma, ərik, heyva, gavalı, şaftalı, səndəl ağacı və s. bitkilərdən istifadə edərək öz məhsullarına 50-yə qədər rəng çaları verməyi bacarırdılar.
Zaman keçdikcə toxuculuğun, xüsusilə də xalçaçılıq sənətinin daha da inkişafı boyaqçılıq işinin də inkişafına güclü təkan verdi. Artıq XIX əsrin sonlarında Şuşada fəaliyyət göstərən boyaqxanaların sayı 8-ə çatmışdı. XX əsrin əvvəllərində Şuşa boyaqxanalarının istehsal gücü daha da artdı.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir