×
A
A
A
Sazlamalar

Sumqayıtda “Xədicənin rəng dünyası” adlı sərgi açılıb

Sumqayıt, 26 noyabr, Firuz Novruzov, AZƏRTAC

Sumqayıt Dövlət Rəsm Qalereyasında “Xədicənin rəng dünyası” adlı sərgi keçirilib.
Sumqayıt Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, gənc rəssam Xədicə Səlimlinin fərdi sərgisində müxtəlif mövzuda 60-dan çox rəsm əsəri nümayiş olunub. Sərgidə Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Sumqayıt Dövlət Universitetinin prorektoru Elmar Xəlilov, universitetin müəllimləri Zəfər Hüseynov, Xalidə Həsənova, Əsəd Məmmədov, AYB Sumqayıt Bölməsinin sədri Gülnarə Cəmallədin, Musiqi Kollecinin direktoru Səbinə Mehdiyeva, şəhid anaları, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Qonaqlar sərgi ilə tanış olduqdan sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan moderator, yazıçı, dramaturq, kulturoloq Hafiz Ataxanlı insan təxəyyülünün hüdudsuzluğundan, yaradıcılıq prosesindən danışıb. Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov ölkəmizdə yaradıcı gənclərə göstərilən dövlət qayğısından söhbət açaraq belə sərgilərin uşaqların istedadının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb və gənc rəssama yaradıcılığında uğurlar arzulayıb.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev ölkədə yaradıcı gənclərə göstərilən qayğıdan danışıb, keçirilən sərginin bu qayğıya bariz nümunə olduğunu bildirib. O, gənc rəssamın yaradıcılığında önəmli yer tutan qrafika, natürmort və kompozisiyaların səciyyəvi cəhətlərini xüsusi vurğulayıb.
Sumqayıt Dövlət Universitetinin prorektoru Elmar Xəlilov gənc rəssama uğurlar diləyib və onun əsərlərinin Azərbaycanın böyük qürur sərgisi olan Qənimətlər Parkında nümayiş etdirilməsini arzulayıb.
Sonra Gülnarə Cəmalləddin, Səbinə Mehdiyeva, Zəfər Hüseynov, Xalidə Həsənova, Reyhan Yunisova, şəhid anası Ruhiyyə Əhmədova çıxış edərək, Xədicənin rənglər dünyasında təbiətə sevgi ilə yanaşmaq, yurdu qorumaq, təbiətin bəxş etdiyi min bir nemətin qədrini bilmək kimi ülvi duyğuların əks olunduğunu qeyd ediblər. Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova çıxışı zamanı belə sərgilərin keçirilməsinin yaradıcı gənclərin sivil dünyaya inteqrasiya olunmasında əhəmiyyətli rol oynamasını söyləyib və Xədicə Səlimliyə uğurlar arzu edərək, Sumqayıt şəhər Gənclər İdman Baş İdarəsinin və Sumqayıt Dövlət Rəsm Qalereyasının hədiyyə və fəxri fərmanlarını gənc rəssama təqdim edib.
Sonda gənc rəssam Xədicə Səlimlinin anası şəhər rəhbərliyinə, sərginin təşkilatçılarına və qonaqlara öz minnətdarlığını bildirib.
Sərgidə Sumqayıt Musiqi kollecinin müəllimi Könül Bəkirovanın rəhbərlik etdiyi kollektiv, musiqiçi Şəhriyar Musayev və müğənni Zaur Yusifli musiqi nömrələri ilə çıxış ediblər.

Regionlar 2022-11-26 11:36:00