×
A
A
A
Sazlamalar

Aparılan monitorinqlər zamanı qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar tədbirlər görülüb

Bakı, 26 noyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 24-də respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Xaçmaz, Şamaxı, Şabran rayonlarında bir sıra nöqsanlar aşkar olunub.
Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 18 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 1 məntəqədə kəsim qurğuları sökülüb, 9 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə http://afsa.gov.az/az/media/news_details/3609 linkində tanış olmaq olar.
Qida Təhlükəsizliyi Agentliyi qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətlə məşğul olmamağa çağırır.

Sosial 2022-11-26 11:06:00