Dövlət Sosial Müdafiə Fondu növbəti dəfə uyğunluq sertifikatı ilə təltif olunub
Bakı, 26 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə resertifikasiya mərhələsindən uğurla keçərək növbəti dəfə uyğunluq sertifikatı ilə təltif olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB (ANSI National Accreditation Board) tərəfindən akkreditə olunmuş Türkiyənin “Denetik Uluslararası Belgelendirme ve Gözetim Hizmetleri” şirkətinin rəhbəri Adnan Karadaş sertifikatı DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişova təqdim edib.
Qeyd olunub ki, həmin standartlar Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə dərc olunub. ISO 37001 korrupsiyaya qarşı mübarizə sahəsində qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir.
Keçirilən sertifikatlaşdırma auditi DSMF-nin antikorrupsiya proqramının bütün tələblərə cavab verdiyini təsdiq edib. Fondda antikorrupsiya tədbirləri ekspertlər tərəfindən yüksək qiymətləndirilib.
H.Məmişov son illərdə aparılan sosial islahatlar, DSMF-nin antikorrupsiya proqramı barədə məlumat verib. Fondun fəaliyyət sahələrində şəffaflığın təmin edilməsi, korrupsiyanın qarşısının alınması sahəsində görülən tədbirləri qeyd edib.
DSMF-nin ISO standartlari üzrə indiyə qədər qazandığı sertifikatlar diqqətə çatdırılıb. Bildirilib ki, fond ötən il “ISO 10002:2018-Keyfiyyət menecmenti – Müştəri-vətəndaş məmnuniyyəti – Təşkilatlardakı şikayətlərin idarə edilməsi haqqında təlimat”, “ISO 26000:2010-Sosial məsuliyyət haqqında təlimat”, ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” və ISO 37001 – Rüşvətxorluğa qarşı mübarizənin idarə edilməsi sistemi” beynəlxalq standartları üzrə uyğunluq sertifikatları da əldə edib.
Beləliklə, DSMF-nin ISO beynəlxalq standartları üzrə uyğunluq sertifikatlarının sayı 5-ə çatıb.
Qanunsuz heyvan kəsimi məntəqələri ilə əlaqədar tədbirlər görülüb
Qida sahəsində fəaliyyət göstərən 11 müəssisədə nöqsanlar aşkar olunub
Məşğulluq sahəsində davamlı islahatlara yeni imkanlar açılır
Ağalı kəndinin 100 sakini aktiv məşğulluq proqramları ilə əhatə olunub
ASAN Könüllüləri “Dinamik Gənclik Həftəsi III” layihəsini həyata keçiriblər