×
A
A
A
Sazlamalar

ADA Universitetində başlayan “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” konfransı Bakı Limanında davam edib

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetində açılışı baş tutan “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusundakı beynəlxalq konfrans öz işini Bakı Beynəlxalq Dəniz Ticarət Limanında (Bakı Limanı) davam etdirib.
AZƏRTAC xəbər verir ki, konfransda ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak edib.
ADA Universiteti, İnkişaf və Diplomatiya İnstitutu və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə keçirilən konfransın iştirakçılarını salamlayan Bakı Limanının baş direktoru Taleh Ziyadov çıxışında Orta Dəhlizin Avropa və Asiya arasında mühüm rol oynadığını və əsas dəhlizə çevrildiyini bildirib. Baş direktor Azərbaycanın tarixi İpək Yolundakı mühüm mövqeyi və ölkəmizdə icra edilən logistik hub konsepsiyası barədə də məlumat verib, nəzərə çatdırıb ki, regional mərkəzini burada formalaşdıran şirkətlər 1000 kilometr radiusda yaşayan, 130 milyondan çox insana operativ xidmət göstərə bilər.
ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə ADA Universitetinin 2020-ci ildən etibarən Prezident İlham Əliyevin iştirakı ilə yüksəksəviyyəli beynəlxalq konfransa ev sahibliyi etdiyini xatırladıb.
Prorektor bildirib ki, ADA Universiteti ənənəvi olaraq xarici ekspertləri bir araya gətirir, onların Xəzər regionu, regional nəqliyyat dəhlizləri və əməkdaşlıq imkanları ilə bağlı ətraflı məlumat əldə etməsinə dəstək göstərir.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Orta Dəhlizin tranzit potensialından bəhs edərək vurğulayıb ki, 2022-ci il ərzində Azərbaycanın tranzit karqo həcmi 75 faiz artıb. Əlavə edib ki, Azərbaycan 2030-cu ilədək “Şimal-Cənub” dəhlizi üzrə yükdaşıma həcmini illik 15 milyon ton, “Şərq-Qərb” dəhlizi üzrə 9-10 milyon ton, “Şərq-Qərb-Zəngəzur” dəhlizi üzrə 5-8 milyon ton artırmaq niyyətindədir.
Konfrans iştirakçıları daha sonra Ələt qəsəbəsində yerləşən Limandakı terminalların iş prinsipi ilə yerində tanış olub, Limanın fəaliyyətinə dair ətraflı məlumat əldə ediblər.

Nəqliyyat 2022-11-25 20:00:00