×
A
A
A
Sazlamalar

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkəboyu rəqəmsal savadlılıq layihəsinə başlayır

Bakı, 25 noyabr, AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi noyabrın 24-dən etibarən “Technest” Təqaüd Proqramı çərçivəsində ölkəboyu “Rəqəmsal Azərbaycana doğru” layihəsinə start verib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, 2021-ci ilin sentyabrından start götürmüş “Technest” Təqaüd Proqramı artıq bütün bölgələrdə İKT üzrə ödənişsiz təhsil almaq istəyən gənclər üçün əlçatandır.
Qeyd edək ki, “Rəqəmsal Azərbaycana doğru” layihəsi çərçivəsində regionlarda gənclərlə silsilə görüşlər keçirilir və İKT sahəsinə marağı olan namizədlər dərhal müsahibələrə dəvət olunurlar. “Technest” Təqaüd Proqramı heyəti şəhərlərdə səyyar görüşlər keçirərək gəncləri həm rəqəmsal savadlılıq üzrə maarifləndirirlər, həm də onları sınaq imtahanlarına yönləndirirlər.
Mingəçevir şəhərində gənclərlə keçirilmiş ilk görüş zamanı 20 iştirakçı həmin gün təşkil olunmuş sınaq imtahanlarından uğurla keçərək “Technest” təqaüdünü qazanıb. Mingəçevirdə keçirilmiş rəsmi görüşlər çərçivəsində şəhər icra hakimiyyətinin başçısı və Mingəçevir Dövlət Universitetinin tələbə-müəllim heyəti ilə məhsuldar diskussiyalar aparılıb. Şəhərdə İKT sahəsi üzrə yaradılan innovativ infrastrukturlardan məqsədyönlü şəkildə istifadə imkanları, həmçinin 3700 tələbənin təhsil aldığı Mingəçevir Dövlət Universitetində İnkişaf və Tədqiqat Laboratoriyalarının yaradılması istiqamətində təkliflər müzakirə olunub.
Sözügedən layihə ilə bağlı “Technest” Təqaüd Proqramının rəhbəri Fatimə Ələkbərova bildirib: “Rəqəmsal Azərbaycana doğru” layihəsini həyata keçirməkdə əsas məqsədimiz İKT üzrə peşə təhsili almaq istəyən amma istər maddi, istərsə də sosial qayğılara görə bu kimi fürsətlərdən kənarda qalan və ya yeni ixtisas qazanmaq istəyən lakin haradan, necə başlamağı bilməyən, o cümlədən peşəkar mentorlar olaraq yetişmək, ucqarlar ərazilərdə tədrisə təkan vermək istəyən gəncləri bir araya gətirmək və onlara müvafiq dəstəyi göstərməkdir. Əsas hədəfimiz Azərbaycanda gənclər arasında kütləvi maarifləndirmə kampaniyaları aparmaq və ölkədə İKT üzrə ixtisaslaşmış kadr bankasını yaratmaqdır”.
Qeyd edək ki, hazırda “Technest” Təqaüd Proqramı çərçivəsində 600-dən çox təqaüdçü məzun olub, onlardan 200 nəfəri tədris müddətində aparıcı şirkətlərdə işlə təmin olunublar. Proqram çərçivəsində 2023-cü ilin sonuna kimi daha 2000 gəncə təqaüd ayrılması nəzərdə tutulur.
“Technest” Təqaüd Proqramı çərçivəsində tədris prosesinin peşəkar və səmərəli təşkili üzrə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ölkədə İKT üzrə ixtisaslaşmış 12 aparıcı təlim mərkəzi ilə əməkdaşlıq edir.

İKT 2022-11-25 18:50:00