×
A
A
A
Sazlamalar

“Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin növbəti mərhələsi həyata keçirilib

Bakı, 25 noyabr, AZƏRTAC

“Şuşa İli” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Əlil Təşkilatları İttifaqının “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsinin növbəti mərhələsi həyata keçirilib.
Əlil Təşkilatları İttifaqının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Hamı üçün müyəssər Şuşa şəhəri” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qaliblərindən biri olub. Layihənin əsas məqsədi Şuşada və azad olunmuş digər ərazilərdə tikinti və bərpa işləri zamanı əlçatan, müyəssər ətraf mühitin yaradılmasına dəstək verməklə əlilliyi olan və hərəkət məhdudiyyətli şəxslərin sərbəst hərəkətinə yardım etməkdir.
Layihənin fəaliyyət planının növbəti mərhələsində Şuşa şəhərində əlilliyi olan şəxslərin hərəkətinin təmin olunması üçün nəzərdə tutulan müyəssərlik işləri görülüb. Bakıda hazırlanmış müyəssərlik standartlarına uyğun kombinə olunmuş modul tipli duş və sanitar qovşağı Şuşa şəhərinə aparılaraq mərkəzi hissədə quraşdırılıb. Həmçinin əsas küçələrdə məlumatlandrma nişanı quraşdırılıb, Cıdır düzünə giriş yeri təyin olunub və əlilliyi olan şəxslər üçün avtomobil dayanacaq yeri qaydalara uyğun nişanlanıb. O cümlədən şəhərin mərkəzi hissələrindən birində avtomobillər üçün dayanacaq yeri yaradılıb, məişət obyektinin bir hissəsinə çıxış uyğunlaşdırılıb.
Qeyd edək ki, fəaliyyət planına uyğun olaraq Şuşa şəhərində “Qarabağ” otelində Şuşa şəhərində fəaliyyət göstərən dövlət, xidmət, şirkət nümayəndələri və işğaldan azad olunmuş ərazilərin nümayəndələri üçün “Əlilliyin dərki, universal dizayn və müyəssərlik” mövzularında seminar-təlimlər keçirilib, şəhərin müxtəlif yerlərində - turizm obyektlərində, infrastruktur sahələrində, layihələndirilən və tikilməkdə olan və bərpa edilən obyektlərində monitorinqlər aparılıb, quruculuq işlərini həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilib. Bunların əsasında təkliflər hazırlanaraq baş planda nəzərə alınması üçün aidiyyəti üzrə təqdim olunacaq.
Layihənin məqsədi Şuşa şəhərinin və işğaldan azad olunmuş digər ərazilərin hamı üçün müyəssər və əlçatan olmasına dəstək verməkdir. Hazırda layihə üzrə növbəti fəaliyyətlər həyata keçirilir.

 

 

Sosial 2022-11-25 17:56:00