×
A
A
A
Sazlamalar

Yaponiyalı qonaqlar DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Bakı, 25 noyabr, AZƏRTAC

“Yaponiya-Azərbaycan Dostluq ili” çərçivəsində ölkəmizdə səfərdə olan Yaponiyanın Şika şəhərinin meri Masaru Koizumi, Şika şəhər Parlamentinin spikeri Masanori Minami və yapon musiqiçilərinin də daxil olduğu nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub.

AZƏRTAC xəbər verir ki, qonaqlar mərkəzin foyesində benefisiarların əl işlərindən ibarət sərgiyə baxıblar. Sərgidə Yaponiya və Azərbaycan incəsənətini, milli-mənəvi dəyərlərini əks etdirən bədii sənətkarlıq nümunələri yer alır. Mərkəzlə tanışlıq zamanı Yaponiya nümayəndə heyətinə həssas qrupdan olan şəxslərin yaradıcılıq potensialının inkişaf etdirilməsi, sosial adaptasiya və cəmiyyətə inteqrasiyası sahəsində göstərilən xidmət növləri haqqında məlumat verilib. Qonaqlar Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan mərkəzdə hazırda aktiv 14 fəaliyyət istiqaməti üzrə təlim prosesini izləyiblər.

Tədbirdə İşikava prefekturası Noto yarımadasında yerləşən Şika şəhərinin meri Masaru Koizumi, Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri Takeya Yukihiro, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Pərvin İsmayılova çıxış edərək uğurlu müştərək əməkdaşlıq layihələrindən söhbət açıblar.

Sonra Şika şəhərindən Tenyu Şika qrupunun üzvləri-vadaiko (ənənəvi yapon zərb alətləri) ifaçıları mərkəzin benefisiarları ilə birgə konsert proqramı ilə çıxış ediblər. Proqramda hər iki ölkənin musiqi mədəniyyətinə xas nümunələr səsləndirilib.

Qeyd edək ki, bu tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Yaponiyanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən üçüncü layihədir. Azərbaycan dostluq münasibətlərinin 30 illiyinə həsr edilən Yaponiya Mədəniyyət Festivalında Mərkəz benefisiarların əl işlərindən ibarət “Ruandzi” stendi ilə təmsil olunub. Əməkdaşlığın davamı olaraq, iyunun 24-25-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, "Azərbaycan Respublikası Milli Abilimpiya Federasiyasının"  təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı səfirliyinin və Yaponiyanın aparıcı xeyriyyə təşkilatı “The Nippon Foundation”in dəstəyi ilə Bakıda Dənizkənarı Milli Parkda iki gün müddətində “True Colors Festival” təşkil edilib.

Sosial 2022-11-25 16:28:00