×
A
A
A
Sazlamalar

Energetika naziri Vyetnam Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb

Bakı, 25 noyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Vyetnam Kommunist Partiyasının Xarici Əlaqələr Komissiyasının sədr müavini Nguyen Thi Hoang Vanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əlaqələrin inkişafının iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə böyük imkanlar yaradacağı diqqətə çatdırılıb. Azərbaycan və Vyetnam arasında diplomatik münasibətlərin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğu xatırlanıb.
Azərbaycan-Vyetnam arasında əməkdaşlıq münasibətlərinin inkişafı üçün digər sahələrlə yanaşı enerji sahəsində də böyük potensialın olduğu vurğulanıb. Neft emalı sahəsində Vyetnam şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi, bərpaolunan enerji, işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması çərçivəsində imkanlar müzakirə edilib. Eyni zamanda, Azərbaycan və Vyetnamın İpək Yolu üzərində yerləşdiyi və mövcud beynəlxalq nəqliyyat infrastrukturunun, eləcə də “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin iki ölkə arasında iqtisadi-ticari, tranzit əlaqələrinin inkişafına təkan verə biləcəyi vurğulanıb.
Görüşdə, həmçinin iki ölkə arasında münasibətlərin inkişafında “İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyası”nın mühüm rolu qeyd olunub, 2-ci iclasdan ötən dövr ərzində protokolun icrası üzrə mövcud vəziyyət, energetika sektorunda ikitərəfli əlaqələrin gələcək perspektivləri nəzərdən keçirilib, növbəti iclasın yaxın vaxtlarda keçirilməsi məsələsi müzakirə edilib.

İqtisadiyyat 2022-11-25 14:57:00