×
A
A
A
Sazlamalar

Yeni qanun siyasi münasibətlərin inkişafına, partiyaların cəmiyyət həyatında iştirakçılığının artmasına böyük töhfələr verəcək

Bakı, 25 noyabr, AZƏRTAC

“Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi günün tələbidir. Çünki qüvvədə olan qanun 1992-ci ildə qəbul olunub və ötən 30 il ərzində ictimai-siyasi həyatımızda, siyasi münasibətlərdə mühüm dəyişikliklər baş verib. Bütün bunlar yeni qanunun hazırlanıb qəbul olunmasını zəruri edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Onun sözlərinə görə, yeni qanun layihəsinin hazırlanması ölkədə demokratik təsisatların inkişafı, siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış mühüm addımdır. Çoxpartiyalı sistemin daha da inkişafı və siyasi sistemin təkmilləşdirilməsi üçün qanunvericilik sahəsində atılan bu addım təqdirəlayiq haldır.
T.Cəfərova qeyd edib ki, Milli Məclis tərəfindən ölkədə fəaliyyət göstərən siyasi partiyalara öz təkliflərini bildirmələri üçün müraciət edilib və 47 siyasi partiyadan 250-dən çox təklif alınıb. “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazır olduqdan sonra Milli Məclisin saytında yerləşdirilib, geniş ictimaiyyətin müzakirəsinə təqdim olunub. Bundan əlavə, qanun layihəsi ilə bağlı siyasi partiya təmsilçilərinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə iki dinləmə keçirilib. İctimai dinləmələrdə, mətbuat və sosial şəbəkələrdə sənədlə bağlı aparılan müzakirələrdə təqdim olunan təkliflər nəzərə alınaraq, qanun layihəsi üzərində iş davam etdirilib və sənəd yenilənmiş variantda müzakirəyə çıxarılıb. Bir sözlə, siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlər, təkliflər sənəddə öz əksini tapıb, o cümlədən yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddət artırılıb, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər azaldılıb. Layihəyə edilən dəyişikliklər nəticəsində müzakirələr zamanı bəzi məqamlarla bağlı narahatçılıq doğuran məsələlər aradan qaldırılıb.
Deputat bildirib ki, müxtəlif platformalarda geniş müzakirələrin təşkil edilməsində məqsəd qanun layihəsinin Azərbaycan Konstitusiyasına və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olmasına, habelə birləşmək azadlığı hüququnu özündə ehtiva etməsinə nail olmaq olub. Məhz bu məqsədlə də müzakirələr zamanı siyasi partiyalar və ictimaiyyət nümayəndələrinin səsləndirdiyi fikirlər qanun layihəsinə edilən dəyişikliklərdə öz əksini tapıb. Xüsusilə onu qeyd etməliyik ki, siyasi partiya rəhbərlərinin və nümayəndələrinin, eləcə də, QHT-lərin iştirakı ilə keçirilən ictimai dinləmələr Milli Məclisin müzakirələrə açıq olduğunu və ictimai rəyin öyənilməsində maraqlı olduğunu bir daha nümayiş etdirdi.
“Siyasi partiyalar haqqında” qanun layihəsində 66 dəyişiklik edildiyini diqqətə çatdıran T.Cəfərova bəzi dəyişiklikləri xüsusilə qeyd edib. Qanun layihəsinin 6.1-ci maddəsində qeyd olunan siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün üzvlərin sayının 10 min göstərilməsi idi. Qanun layihəsinin dəyişikliklər olunmuş sonuncu variantında bu sayın 5 minə endirildiyini görürük. Bununla yanaşı, ciddi müzakirə olunan maddələrdən biri də 5.1-ci maddədə göstərilən siyasi partiya təsisçilərinə qoyulan 20 il tələbi ilə əlaqədar idi. Layihənin sonuncu variantında bu məsələnin də öz həllini tapmış olması Azərbaycanda siyasi plüralizmin hökm sürdüyünün növbəti təzahürüdür. Eyni zamanda, layihənin sonuncu variantında 3 faizlik baryer də götürülüb. Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni, 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq, siyasi rəqabəti gücləndirmək, hər bir vətəndaşın səsi uğrunda mübarizə aparmaq, seçiciləri partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilir. Bu baxımdan Qanun layihəsinin 25.2.4 və 25.2.5-ci maddələri olduqca mühüm əhəmiyyət kəsb edir. Sevindirici haldır ki, komitələrin birgə keçirilən iclasında bir siyasi partiya istisna olmaqla digərləri qanunun parlamentin plenar iclasına tövsiyə olunmasına səs verib. Şübhəsiz ki, bu qanun layihəsi Azərbaycanda həyata keçirilən islahatlar fonunda formalaşan yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəd olacaqdır. Hazırlanan sənədin ictimai əhəmiyyəti və onun siyasi sistemdə yaradacağı dəyişikliklər müsbət qiymətləndirilməlidir.
“Yeni qanun layihəsi hazırlanarkən Avropa ölkələrinin də mütərəqqi qanunvericiliyinin təcrübəsi öyrənilib. Çünki ötən illər ərzində bir çox Avropa ölkələrində siyasi partiyalarla bağlı qanunvericilik təkmilləşdirilib və bu sahədə olan təcrübənin Azərbaycan qanunvericiliyində tətbiqi zəruridir. Yeni qanun layihəsində siyasi partiyanın anlayışı, partiyaların təsis edilməsi və ləğvinin əsasları, qeydiyyata dair tələblər, partiyanın maliyyələşməsi, dövlət tərəfindən maliyyə yardımı, ianələrlə bağlı məsələlər və digər məqamlar əksini tapır. Yeni qanunun qəbulu ölkəmizdə siyasi münasibətlərin inkişafına, partiyaların cəmiyyət həyatında iştirakçılığının artmasına böyük töhfələr verəcək.
Göründüyü kimi, “Siyasi partiyalar haqqında” qanunun layihəsi demokratik inkişaf yolunda atılmış uğurlu addımlardan biridir və bu, ölkəmizin milli inkişafının bariz nümunəsi kimi səciyyələndirilməlidir. Ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi, ictimai-siyasi institutlaşma tendensiyası uğurla davam etdirilir. Diqqət yetirilməli olan əsas məqamlardan biri də layihənin ölkədə həyata keçirilən çoxşaxəli islahatlar prosesinə uyğun olaraq mövcud siyasi sistemin təkmilləşməsinə xidmət etməsidir”, - deyə Tamam Cəfərova bildirib.

Siyasət 2022-11-25 14:24:00