×
A
A
A
Sazlamalar

Hesablama Palatasının nümayəndə heyəti Riqada beynəlxalq forumda iştirak edib

Bakı, 25 noyabr, AZƏRTAC

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, deputat Tahir Mirkişili Riqa şəhərində Avropa İttifaqı Şərq tərəfdaşlığı üzrə Ali Audit Qurumlarının (AAQ) Forumunda iştirak ediblər.
Palatadan AZƏRTAC-a bildirilib ki, forumda iştirak edən nümayəndə heyəti rəhbərlərinin Latviya Prezidenti Eqils Levits ilə “Cəmiyyətin Ali Audit Qurumundan gözləntisi nədir?” mövzusu ətrafında görüşü təşkil edilib.
Sonra Hesablama Palatası əməkdaşlarının audit tövsiyələrinin icrasına nəzarət, auditin keyfiyyətinə nəzarətin praktiki aspektləri, risk əsaslı yanaşmadan istifadə edilməklə audit olunan sahələrin strateji qiymətləndirilməsi və sair kimi bir sıra aktual mövzular ətrafında müzakirələr fonunda Latviya AAQ-ının təcrübəsinin öyrənilməsi məqsədilə qurumlar arasında ikitərəfli görüş keçirilib. Görüşdə Latviya Dövlət Audit Ofisinin rəhbəri Roland İrklis aktual mövzular üzrə təqdimatlar edib. Təqdimatlardan sonra görüş qarşılıqlı müzakirələr şəklində davam edib. Hər iki qurum arasında audit sahəsində fikir və təcrübə mübadiləsi aparılıb, yaxın əməkdaşlıq münasibətləri fonunda işçi səfərlərin təşkil edilməsi məsələsi nəzərdən keçirilib.
Səfərin son günü nümayəndə heyəti rəhbərlərinin Latviya Parlamentinin Dövlət Xərcləri və Audit Komitəsinin üzvləri ilə təşkil edilmiş görüşündə Parlamentin Ali Audit Qurumlarından gözləntiləri mövzusunda müzakirələr aparılıb.
Qeyd edək ki, forum çərçivəsində AAQ-ların beynəlxalq audit standartlarının tətbiqinin artırılması üçün mümkün yollar müzakirə edilib, bu sahədə əməkdaşlıq münasibətlərinin inkişafı məsələləri nəzərdən keçirilib.

İqtisadiyyat 2022-11-25 13:59:00