H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunda son tamamlanma işləri aparılır VİDEO
Bakı, 25 noyabr, AZƏRTAC
Respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda yolboyu üfüqi nişanlanma xətlərinin çəkilişi, zəruri yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılması, həmçinin çiyin hissələrin bərkidilməsi işləri aparılır.
Məlumata əsasən, H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13,7 kilometr təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 metrdən 23-26 metrə, hərəkət hissəsinin eni isə 7-10 metrdən 15 metrədək genişləndirilib.
Görülən işlər çərçivəsində marşrutboyu geriyə dönmə hissələrinin, yolun yaşayış məntəqəsi daxilindən keçən hissəsində piyada səkilərinin və yeni işıqlandırma sisteminin yaradılması işləri aparılıb.
Layihə üzrə yolun 8-ci kilometrində layihələndirilən bir aşırımlı körpünün kənar dayaqlarının və beton aşırımların inşası yekunlaşıb, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz keçməsini təmin etmək istiqamətində yolun 3,8-ci kilometrində yerüstü piyada keçidi inşa edilib. Keçidin uzunluğu 30 metr, eni isə 3,5 metrdir.
Yaxın günlərdə yol müasir görkəmdə istifadəyə veriləcək.
Sözügedən avtomobil yolunda işlərin aparıldığı hərəkət zolaqları üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırıla bilər. Bu səbəbdən sürücülərdən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Ekspert: Yaşıl iqtisadiyyatın fəlsəfəsi ekologiyaya zərər vurmadan formalaşmış iqtisadiyyatdır
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb