×
A
A
A
Sazlamalar

Ağdamda şəhidlərin xatirəsinə inşa edilən abidənin açılışı olub

Ağdam, 25 noyabr, AZƏRTAC

Ağdam rayonunun Mahrızlı kəndində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə inşa edilən abidənin açılışı olub. Açılış mərasimində şəhid ailələri, qazilər, veteranlar, N saylı hərbi hissəsinin əsgər və zabitləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhidlərin xatirəsinə ucaldılmış abidənin üzərindən ağ örtük götürülüb. Tədbir iştirakçıları abidənin önünə tər gül-çiçək dəstələri düzüblər.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Qarabağ müharibələrində şəhidlərimizin göstərdiyi qəhrəmanlıqlardan, Azərbaycan Ordusunun qüdrətindən, 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində çaldığı Qələbənin tarixi əhəmiyyətindən, xalqımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsindən geniş söhbət açıb.
Tədbirdə şagirdlər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Regionlar 2022-11-25 07:07:00