×
A
A
A
Sazlamalar

Bakıda maliyyə və bank sektorundakı mövcud vəziyyət müzakirə edilib

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 24-də Bakıda VI Beynəlxalq Bankçılıq Forumu öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbiri Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov açaraq iki gün ərzində forumda müzakirə olunacaq məsələlərin aktual olduğunu diqqətə çatdırıb. Bildirib ki, gələn ilin yanvar ayında beynəlxalq konsultantlarla birgə Maliyyə sektorunun inkişafı strategiyası hazırlanacaq. Strategiyanın birinci hissəsi AMB-nin, ikinci hissəsi maliyyə sektorunun transformasiyası ilə bağlı olacaq: “Bu ilin on ayında internet bankçılıq vasitəsilə ödənişlərin həcmi ötən ilin eyni dövrünə nisbətən 55 faiz, mobil əlavələr vasitəsilə aparılan ödəmələr 3 dəfə artıb. Azərbaycanda bankların 84 faizinin mobil əlavəsi var. Bankların cari hesabları üzrə ödənişlərin 77 faizi elektron bankçılıq vasitəsilə həyata keçirilib”.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, maliyyə və bank sektoru ilə bağlı aidiyyəti qurumların da iştirakı ilə KOBİA tərəfindən bu il sayı 5 olmaqla, bu günədək 18 sahəvi və maarifləndirmə tədbirləri təşkil olunub. Bu tədbirlərdə onları maraqlandıran suallar cavablandırılıb, qaldırılan bir sıra müraciətlər araşdırılması üçün yerində qeydiyyata alınıb, habelə dövlətin bu istiqamətdə dəstək alətləri onlara izah edilib. Eyni zamanda, keçirilmiş görüşlərin nəticələri əsasında mövcud sektorun problemləri dövri olaraq aidiyyəti qurumlara təqdim olunub.
O.Məmmədov deyib: “Biz ayrı-ayrı banklarla da birgə böyük layihələr icra etmişik və bu gün də belə layihələri davam etdirməkdəyik. Belə layihələrdən biri KOBİA və “Rabitəbank”ın birgə həyata keçirdiyi “Biznesdə Qadınların Gücü” adlı layihəmizdir. Bu layihəni həyata keçirməkdə məqsədimiz qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərmək, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsidir”.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib ki, maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi və likvid olması iqtisadi artımın maliyyələşməsinə əhəmiyyətli dəstək verir. Maliyyə sektorunun mühüm hissəsini təşkil edən bank sektorunda kapitallaşma və likvidlik səviyyəsi normaları 2 dəfəyədək üstələyir. Son 10 ildə bank aktivlərinin ÜDM-də payı 26,8 faizdən 44,3 faizə yüksəlib. İqtisadiyyata kredit qoyuluşlarının həcmi isə 9,9 milyard manatdan artaraq 17,1 milyard manata çatıb.
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bankçılığın əsas inkişaf istiqamətləri müəyyən edilib. “Ümumilikdə, bankçılığın inkişafını sürətləndirməyə və yeni keyfiyyət dəyişikliklərini hədəfləyən bu tədbirləri qiymətləndirməyə imkan verən 3 səviyyədə indikator göstərilib: 11 ilkin nəticə indikatoru, 16 aralıq nəticə indikatoru, 10 yekun nəticə indikatoru. Strategiyaya əsasən, bank sektoru üzrə aktivlərin həcminin hər il 8 faiz, kredit portfelinin həcminin hər il 10 faiz, biznes kreditlərinin həcminin hər il 6 faiz, mikro, kiçik, orta biznesə verilən kreditlərin həcminin hər il 15 faiz, sığorta bazarının həcminin hər il 10 faiz artması gözlənilir. Həmçinin korporativ qiymətli kağızlar bazarının dərinliyinin artırılması üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi, institusional inkişafı və infrastruktur imkanlarının genişləndirilməsi ilə 2026-cı ilin sonuna kimi iki investisiya fondunun fəaliyyət göstərməsi nəzərdə tutulur”, - deyə V.Qasımlı qeyd edib.
Bu ilin 9 ayında əhalinin banklardakı əmanətinin 27 faiz artaraq 11 milyard manata çatdığını deyən Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev diqqətə çatdırıb ki, hesabat dövründə əhalinin dollarlaşma səviyyəsi 39,2 faiz təşkil edib. Bankların balans kapitalı 5,3 milyard manata, cəmi mənfəəti 1 milyard manata, xalis mənfəəti isə 683 milyon manata çatıb.
Forum çərçivəsində Noyabrın 24-də “MasterCard” ilə “AzeriCard” arasında strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi “MasterCard”ın Azərbaycan və Türkiyə üzrə baş direktoru Hüsnü Avşar Gürdal və “AzeriCard” MMC-nin Baş direktoru Fərid Quliyev imzalayıblar.
Aidiyyəti dövlət qurumları, kommersiya bankları, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları, həmçinin Türkiyə, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrdən beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələrinin iştirak etdikləri forumda “POST-COVID dövründə bankçılıq: çağırışlar və imkanlar”, “Açıq bankçılıq: gələcək daha əlaqəlidir”, “Ödənişlər: asanlıqdan super sürətli və super maneəsizə doğru”, “Rəqəmsal aktivlər: bizi nə gözləyir”, “Müxbir münasibətlər”, “Kibertəhlükəsizlik trendləri” adlı yeddi panel ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, bu Forum Bakıda hər il təşkil edilən iki beynəlxalq tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir. Digər tədbir isə illik əsasda keçirilən “Fintex Sammit”dir.

İqtisadiyyat 2022-11-24 19:42:00