×
A
A
A
Sazlamalar

Naxçıvanda badmintonun inkişafı diqqət mərkəzindədir

Naxçıvan, 24 noyabr, AZƏRTAC

“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada təcrübəli idman mütəxəssislərinin iştirakı ilə seminar, təlim və ustad dərslərinin davamlı təşkili diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Azərbaycan Badminton Federasiyası (ABF) ilə qurulan əməkdaşlıq əlaqələrinin nəticəsi olaraq muxtar respublikada badmintonun inkişafına töhfə olacaq növbəti addım atılıb. Belə ki, Dünya Badminton Federasiyasının “BWF Membership Grants” layihəsi çərçivəsində ölkəmizdə həyata keçirilən “Shuttle Time” proqramı bu dəfə Naxçıvanı əhatə edib.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində ABF-nin məşqçiləri Nihadə Həsənova, Ürfan Rzabəyli və Kərim Musayev tərəfindən keçirilən təlimə muxtar respublikanın şəhər və rayonlarından 80 məktəbli cəlb olunub. İki günlük təlim zamanı iştirakçılara nəzəri və praktiki biliklər aşılanacaq.
Qeyd edək ki, təlim Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirliklərinin, Dünya Badminton Federasiyasının və ABF-in birgə təşkilatçılığı ilə keçirilir. Layihənin əsas məqsədi ölkəmizdə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri hazırlamaqdır.

Regionlar 2022-11-24 19:25:00