×
A
A
A
Sazlamalar

“Vergi və hesabatlılıq” İşçi Qrupunun iclası keçirilib

Bakı, 24 noyabr, AZƏRTAC

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Vergi və hesabatlılıq” İşçi Qrupunun növbəti iclası keçirilib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Vergitutma” indikatoruna dair 2022-2023-cü illər üzrə Yol Xəritəsinin rüblük icra vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub.
Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini, İşçi Qrupun rəhbəri İlkin Vəliyev iclas iştirakçılarına “Vergitutma” indikatoru üzrə Yol Xəritəsi çərçivəsində görülmüş işlər, vergi administrasiyası tərəfindən təqdim edilən xidmətlər, vergi yükü və vergi sistemlərinin səmərəliliyi alt indikatorları üzrə həyata keçiriləcək tədbirlər barədə məlumat verib.
İclasda özəl sektorun Yol Xəritəsi ilə bağlı təklifləri müzakirə edilib, vergi yükü, vergi güzəştləri, vergi sisteminin qiymətləndirilməsi alətlərinin tətbiqi ilə bağlı sualları cavablandırılıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev layihə çərçivəsində ekoloji dayanıqlılığın dəstəklənməsi ilə bağlı məqamlara toxunub.
Bildirib ki, vergi qanunvericiliyinə elektrik və hibrid avtomobillərin ölkəyə idxalının stimullaşdırılması məqsədilə edilmiş dəyişikliklər müsbət nəticə verir. 2022-ci ilin 10 ayı ərzində ölkəyə idxal olunan elektrik və hibrid avtomobillərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Ölkədə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin artması ekoloji dayanıqlılığın dəstəklənməsinə xidmət edir.
İşçi Qrupun rəhbərinin müavini, DVX-nin Baş İdarə rəisi Nicat İmanov bu prosesin davamlı olacağını, növbəti il üçün vergi qanunvericiliyinə dəyişikliklərlə bağlı layihəyə ekoloji təmiz nəqliyyat vasitələrinin idxalının təşviqi ilə əlaqədar güzəştlərin müddətinin artırılmasına dair müddəaların daxil edildiyini diqqətə çatdırıb.
Sonda DVX-nin rəis müavini İlkin Vəliyev İşçi Qrupun üzvlərinə Yol Xəritəsi ilə bağlı təqdim edilmiş təkliflərə görə təşəkkürünü bildirib, özəl sektor və konsaltinq şirkətləri ilə sıx əməkdaşlığın davam edəcəyini vurğulayıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Mərkəzi Bank, Dövlət Statistika Komitəsi, Dövlət Vergi Xidməti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Auditorlar Palatası, Milli Elmlər Akademiyası, Vəkillər Kollegiyası, işçi qrupa daxil olan bir sıra ictimai birliklər, biznes assosiasiyaları və aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.

Maliyyə 2022-11-24 18:34:00