×
A
A
A
Sazlamalar

Qaxın mədəniyyət işçiləri şəhid Asəf Ağayevin doğum günündə xatirəsini anıblar

Qax, 24 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də Qax rayonundan olan Asəf Ağayevdir. Noyabrın 24-ü şəhid Asəfin doğum günüdür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhidin doğum günü ilə əlaqədar Səməd Vurğun adına Qax rayon Mədəniyyət Mərkəzinin kollektivi onun Qax şəhər Şəhidlər xiyabanındakı məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Anım tədbirində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, şəhid Asəf Ağayevin şərəfli döyüş yolundan danışılıb, şəhidlərin xatirəsinin heç zaman unudulmayacağı vurğulanıb.
Qeyd edək ki, Asəf Ağayev 1994-cü il noyabrın 24-də Qax şəhərində anadan olub. O, 2012-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2016-cı ildə təhsilini bitirərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlılar bölməsində zabit kimi xidmətə başlayıb. Vətən müharibəsində Cəbrayılın, Xocavəndin, Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Bakı şəhərində keçirilən Zəfər paradının iştirakçısı olan Asəf 2020-ci il dekabrın 17-də Xocavənddə minaya düşərək şəhidlik zirvəsinə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Asəf Ağayev ölümündən sonra Cəbrayılın, Şuşanın, Xocavəndin azad olunmasına görə medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

 

 

Regionlar 2022-11-24 17:57:00