×
A
A
A
Sazlamalar

Lerikdə Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Lerik, 24 noyabr, İlkin Adıyev, AZƏRTAC

Lerikdə Vətən müharibəsi şəhidi Tahirli Şahin Afat oğlunun xatirəsi yad edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, rayon icra aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
Mərasim iştirakçıları şəhid Tahirli Şahin Afat oğlunun şəhadətinin ikinci ildönümündə əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.
Eyni zamanda, Züvüc kənd qəbiristanlığında I Qarabağ müharibəsi şəhidi Ağayev Lətif Xeyrulla oğlunun məzarı ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.
Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov 44 günlük Vətən müharibəsində torpaqlarımızın şəhidlərimizin qanı, canı bahasına azad edildiyini, Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad olunacağını bildirib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, şəhid Tahirli Şahin Afat oğlu “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Regionlar 2022-11-24 16:32:00