×
A
A
A
Sazlamalar

“Sabahın tədqiqatçıları-2023”: şagirdlər alimlərlə birlikdə 40-dək layihə üzrə tədqiqatlar aparacaqlar

Naxçıvan, 24 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları-2023” layihəsinə start verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla əlaqədar şagirdlərlə keçirilən görüşdə çıxış edən muxtar respublikanın təhsil naziri Rəhman Məmmədov layihənin əhəmiyyəti barədə danışıb. Vurğulayıb ki, “Sabahın tədqiqatçıları” layihəsinin əsas məqsədi ümumtəhsil müəssisələri şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkarlanmasıdır.
Bildirilib ki, layihə çərçivəsində AMEA Naxçıvan Bölməsinin alimləri xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlərlə birgə tədqiqatlar aparırlar. Bu günədək 74 elmi rəhbərin və 132 şagirdin iştirakı ilə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan 81 layihə üzrə tədqiqatlar aparılıb. Sevindirici haldır ki, “2020-2021-ci tədris ilində layihə iştirakçısı Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi İnci Nəsirovanın layihəsi “Müasir gənclərin elmi diskussiyası: aktual suallar, nailiyyətlər və yeniliklər” XI beynəlxalq elmi-praktik konfransında müzakirə edilib və 1-ci yerə layiq görülüb. Layihə məqalə formatında elmi-praktik konfransın materiallarının toplandığı jurnalda dərc olunub. İnci Nəsirovanın adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitab”na yazılıb və Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb. Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Zümrüd Babazadə Bakı şəhərində keçirilən “Sabahın alimləri” X Respublika müsabiqəsində iştirak edib və təqdim etdiyi layihə 3-cü yerə layiq görülüb. Bununla yanaşı, digər layihə üzvləri də 3 komanda şəklində bu müsabiqədə iştirak edib, müsabiqənin 10 illik yubileyi münasibətilə hazırlanmış medalla təltif olunublar. “Sabahın tədqiqatçıları-2022” layihəsinin iştirakçıları, eyni zamanda “Sabahın alimləri” XI Respublika Müsabiqəsində iştirak edib və beynəlxalq təşkilatların diplom və sertifikatlarına layiq görülüblər. Həmçinin beynəlxalq müsabiqələrdə 30 layihə I, 6 layihə II, 8 layihə isə III yerə layiq görülüb. “Sabahın tədqiqatçıları” layihəsinin uğurlu tətbiqi üçün bu il də Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərinin 60 şagirdi 5 istiqamət – Azərbaycan dili, tarix, fizika, kimya və biologiya üzrə tədqiqat aparacaqlar.
AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, “Sabahın tədqiqatçıları” layihəsi qısa müddətdə icra olunmasına baxmayaraq, bir sıra uğurlar qazanıb. Tədqiqat aparılan layihələrin 50-dən çoxu beynəlxalq və respublika səviyyəli konfrans, tədbirlərdə, mətbuat orqanlarında işıqlandırılıb. Bundan əlavə, 30-dan artıq alimin rəhbərlik etdiyi layihələr müxtəlif müsabiqələrdə medal, diplom, sertifikat və fəxri fərmanlara layiq görülüb.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucovanın, Naxçıvan Qızlar Liseyinin X sinif şagirdi Surə Ələkbərovanın çıxışları dinlənilib.
Sonra tədbir iştirakçıları “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində görülən işlərə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Regionlar 2022-11-24 16:00:00