×
A
A
A
Sazlamalar

Ağdaşda tullantıların çeşidlənməsi məntəqəsi inşa olunub

Ağdaş, 24 noyabr, AZƏRTAC
Noyabrın 24-də Ağdaş rayonunda Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində icra olunmuş tullantıların çeşidlənməsi məntəqəsinin açılışı həyata keçirilib. Mərasimdə Yaponiyanın ölkəmizdəki səfiri Vada Cüniçi, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, benefisiar təşkilat olan “İnkişaf 2006” Sosial Dəstək İctimai Birliyinin icraçı direktoru Fizuli Abıyev, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sosial Dəstək İctimai Birliyinin icraçı direktoru Fizuli Abıyev qonaqlara istifadə ediləcək yandırma, presləmə və digər avadanlıqlar barədə ətraflı məlumat verib.
“Ağdaş rayonunda tullantıların çeşidlənməsi məntəqəsinin inşası” layihəsinin məqsədi rayonun Aşağı Zeynəddin kəndində yerləşən tullantı poliqonu ərazisində tullantıların çeşidlənməsi bölməsi, hidravlik presləmə avadanlığı və yandırıcı avadanlıq ilə təchiz olunan məntəqənin inşası, kağız və plastik tullantıların yenidən istifadə edilməsinə nail olmaqla yanaşı, həm də tibbi tullantıların təhlükəsiz şəraitdə yandırılmasının təşkil etməkdir. Yeni tikilən məntəqə Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən istifadə edilərək, poliqondakı tullantıların azaldılması və əhalinin yerləşdiyi ərazinin ekoloji şəraitinin yaxşılaşdırılmasına xidmət göstərəcəyi planlaşdırılır. Layihənin icrası üçün Yaponiya hökuməti təqribən 152,310 manat (90,124 ABŞ dolları) məbləğində qrant ayırıb.
Səfir Vada Cüniçi AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqrami” Azərbaycan Respublikasının əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçikmiqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. İndiyə qədər Azərbaycanda proqram çərçivəsində 283 layihə icra olunub. Bu layihələrin ümumi qrant məbləği isə 23,890,000 ABŞ dollarını keçib.

Regionlar 2022-11-24 15:44:00