×
A
A
A
Sazlamalar

Naxçıvanda “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi uğurla icra olunub

Naxçıvan, 24 noyabr, AZƏRTAC

Naxçıvan şəhərində yerləşən “Naxçıvan Saray” xidmət kompleksində İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin bağlanış konfransı keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə komitənin sədri Ramilə Seyidova çıxış edərək dövlət qadın siyasətinin uğurlarından danışıb. Bildirib ki, bu gün muxtar respublikada fəal əməklə məşğul olan və iqtisadiyyatın müxtəlif sahələrində işləyən əhalinin 33 faizini qadınlar təşkil edir. Qadınların ilkin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi, onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, yeni iş yerlərinin yaradılması, maliyyə çətinliklərinin həlli istiqamətində tədbirlər həyata keçirilir.
Vurğulanıb ki, muxtar respublikada yaşayan qadınlara iqtisadi dəstək göstərilməsi məqsədilə İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsinin icrası ilə əlaqədar milli və xalq tətbiqi sənət nümunələri, sahibkarlıq və digər fəaliyyət sahələri ilə məşğul olmaq istəyən istedadlı qadınlar, xüsusən də qayğıya ehtiyacı olan ailələrin qadınları haqqında məlumatlar toplanıb. Layihə çərçivəsində keçirilən təlimlərdə iştirak etmək istəyən 80-dən artıq qadın seçilib. Maliyyə savadlılığı üzrə üç dəfə “Gələcəyini planlaşdır” və bir dəfə “Sahibkar ol” təlimləri keçirilib. Hər bir qadın fəaliyyət istiqamətlərinə görə biznes planı hazırlayıb. Sonda təlim iştirakçılarına Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən sertifikatlar təqdim olunub. Layihə çərçivəsində, ümumilikdə, 64 qadına sərmayə kapitalı verilib. Verilən 70 min sərmayə kapitalından yararlanan qadınlar müxtəlif istehsal və peşə sahələri üzrə fəaliyyətlərini qurub və ya inkişaf etdirib. Sərmayə kapitalının 77 faizi ailə təsərrüfatlarının, 23 faizi isə digər fəaliyyət sahələrinin qurulması üçün verilib.
Qeyd edilib ki, komitə və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən sərmayə kapitalı alan qadınların evlərində və iş yerlərində sərmayə kapitalının düzgün istifadə olunması, fəaliyyət sahələrinin inkişafı ilə əlaqədar mütəmadi olaraq monitorinqlər keçirilir, istehsal etdikləri məhsulların satışına kömək göstərilir. Muxtar respublikada keçirilən tədbir, festival və yarmarkalarda, ərzaq, əl işləri mağazalarında, eləcə də qadınların əl işlərindən ibarət sərgi-satışlarda, muxtar respublikanın turistik ərazilərində fəaliyyət göstərən mağazalarda və təşkil olunan səyyar sərgi-satışlarda qadınların müvafiq olaraq əl işlərinin və istehsal etdikləri orqanik məhsulların satışları həyata keçirilir.
Ramilə Seyidova layihənin reallaşdırılmasına göstərdiyi diqqət, qayğı və dəstəyə görə layihə iştirakçıları olan qadınlar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə, həmçinin layihənin uğurla icrasına görə Azərbaycan Mikromaliyyə Assosiasiyasının rəhbərliyinə və əməkdaşlarına, layihəni maliyyələşdirən İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinə minnətdarlığını bildirib.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının İdarə Heyətinin sədr müavini Süleyman Kələşov çıxışında bildirib ki, “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsi Azərbaycan Mikromaliyyə Assosiasiyasının Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi 4-cü layihədir. Layihənin həyata keçirilməsində əsas məqsəd qadınlarda özgüvən və özünüməşğulluq imkanları yaratmaqdan ibarət idi. Muxtar respublikada yaşayan qadınlar müxtəlif layihələrdən bəhrələnib və sərmayə kapitalı alaraq sahibkarlıq fəaliyyətinə başlayıb. Süleyman Kələşov layihə iştirakçısı olan qadınların gələcəkdə tanınacaqlarına inamını ifadə edib.
Sonra Azərbaycan Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva, assosiasiyanın layihə rəhbəri Sevinc Rüstəmova, layihə iştirakçısı Qızxanım Hüseynova çıxış ediblər. Bildirilib ki, həyata keçirilən layihə çərçivəsində qadınların maliyyə savadlılığı, onların uğurlu sahibkarlıq fəaliyyətinə başlaması üçün biznes planlaşdırılması üzrə bilik və bacarıqları artırılıb, yekunda yaxşı biznes ideyası və plan tərtib edən qadınlara maliyyə dəstəyi göstərilib. Bütün bunlar qadınların özünəinam hissinin bərpasında, sosial rifah halının yaxşılaşmasında və ailə büdcəsinin artırılmasında mühüm rol oynayıb. Çıxış edənlər layihənin uğurla həyata keçirilməsinə göstərdiyi dəstəyə görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Sonda layihə haqqında videoçarx nümayiş etdirilib, layihə iştirakçılarının hazırladıqları əl işləri və istehsal etdikləri məhsullardan ibarət sərgiyə baxış olub.

Regionlar 2022-11-24 15:27:00