×
A
A
A
Sazlamalar

Masallıda ilk dəfə zeytun bağı salınıb

Masallı, 24 noyabr, İlkin Adıyev, AZƏRTAC

Bakı-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində zeytun bağı salınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ağacların əkilməsi Masallı Rayon İcra Hakimiyyəti və Viləşçay Su Anbarı İstismarı İdarəsinin təşəbbüsü ilə həyata keçirilib. Bağ üçün ayrılan sahədə 1500 ədəd zeytun ağacı və sınaq məqsədi ilə 20 ədəd badam ağacı əkilib.
Zeytun Masallının torpaq-iqlim şəraitinə uyğun olduğundan bu bitkinin əkilməsinə qərar verilib. Yaxşı qulluq göstərildikdə və becərmələr aqrotexniki qaydalar əsasında aparıldıqda tez boy atır, yaxşı məhsul verir.
Bundan başqa, rayonun Hüseynhacılı kəndi yaxınlığında zeytun yetişdirmək üçün ayrılan sahə də bu baxımdan tam əlverişlidir. Əkinə qədər ərazinin iqlim və florası bərpa edilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qeyd edib ki, zeytun qiymətli qida məhsuludur. Zeytun yağı və süfrəlik zeytun məhsullarına həmişə ehtiyac var. Bunu bu yaxınlarda, noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışı zamanı da qeyd edib.
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov bildirib ki, zeytundan başqa, 20 ədəd badam ağacı da əkilib. Gələcəkdə zeytun ağacları ilə yanaşı, bu bitkinin də rayonda geniş yayılması təmin olunacaq.
Masallı rayonunda yeni zeytun bağlarının və ənənəvi digər yaşıllıq zolaqlarının salınması bundan sonra da davam etdiriləcək.

Kənd təsərrüfatı 2022-11-24 14:34:00