×
A
A
A
Sazlamalar

Adil Əliyev: Kəlbəcər Böyük Qayıdışın əsas inşaat meydanlarından biridir

Bakı, 24 noyabr, AZƏRTAC

2020-ci il noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad olunması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 44 günlük Vətən müharibəsində Ermənistanın işğalçı ordusuna vurduğu sarsıdıcı zərbənin və ölkə başçımızın hərbi əməliyyatlarla yanaşı apardığı fəal, intensiv beynəlxalq diplomatiyanın nəticəsi idi. Bir tərəfdən, 44 günlük Vətən müharibəsi ərzində işğalçı ordu darmadağın edilmiş, mənəvi-psixoloji çöküş keçirmiş və on minlərlə əsgər fərarilik etmişdi. Digər tərəfdən, noyabrın 8-də qəhrəman əsgərlərimizin Şuşanı azad etməsindən sonra Ermənistan özü də tam iflasa uğradığını anlamışdı. Buna görə də 10 noyabr üçtərəfli Bəyanat imzalamaqla bu iflası rəsmən etiraf etməyə məcbur oldu, 30 il ərzində möhkəmləndiyi Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz tərk etməli oldu.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Adil Əliyev söyləyib.
O qeyd edib ki, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 2020-ci il noyabrın 25-də boşaltdı. Bununla da, Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi və 27 il ərzində icra olunmamış qalan Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edən 822 saylı qətnaməsini özü icra etmiş oldu.
Kəlbəcərin işğaldan azad edilməsindən sonra rayonun yenidən qurulması və bərpası üzrə işlərə start verildi. Kəlbəcər rayonunun yeni inkişaf dövrü başlandı. İlk növbədə, rayonu ölkəmizin digər əraziləri ilə birləşdirən yolların çəkilişinə start verildi. Kəlbəcərin coğrafi relyefini nəzərə alsaq, bu işin nə qədər mürəkkəb olduğunu və buna görə də böyük resurs və vəsait tələb etdiyini təsəvvür etmək çətin deyil. Ona görə də 70 illik sovet dönəmində də Kəlbəcərin yol-nəqliyyat infrastrukturu lazımi surətdə inkişaf etdirilməmişdi. Hazırda Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcək 81 kilometrlik Toğanalı-Kəlbəcər avtomobil yolu və onun üzərində Murovdağda 11.6 kilometrlik tunel inşa edilir. Sovet dövlətinin ən qüdrətli çağlarında da Murovdağ silsiləsinin altından keçməklə olduqca qəliz coğrafi şəraitdə belə tunel çəkmək mümkün olmamışdı.
“Bundan əlavə, Kəlbəcər-Laçın yolu və müxtəlif tunellər də tikilir. Eləcə də qeyd edilməlidir ki, inşası gedən Laçın Beynəlxalq Hava Limanı Kəlbəcər rayonunun nəqliyyat imkanlarının genişlənməsinə mühüm töhfə verəcək. Bu, xüsusilə Kəlbəcər rayonunun turizm potensialının reallaşdırılması baxımından faydalıdır.
Yeri gəlmişkən, Kəlbəcərdə İstisu mineral su zavodunun və İstisu sanatoriyasının da təməlqoyma mərasimləri keçirilib və inşaat işlərinin icrasına başlanıb.
Böyük Qayıdışın tərkibi hissəsi olaraq, doğma sakinlərinin yenidən Kəlbəcərdə məskunlaşıb yaşaması üçün yol-nəqliyyat infrastrukturu ilə yanaşı, eləcə də sosial-iqtisadi infrastruktur və mədəni obyektlərin yaradılması zəruridir. Bu baxımdan, Kəlbəcərin Baş planının hazırlanması əhəmiyyətlidir. Baş plana əsasən, inşaat işləri Kəlbəcərin füsunkar təbiəti və coğrafi şəraiti nəzərə alınmaqla aparılacaq. Xəstəxana, məktəb və yaşayış binaları müvafiq qaydada inşa ediləcək. Kəlbəcərin tarixi-mədəni xüsusiyyətləri nəzərə alınaraq, aşıq mərkəzinin də yaradılması nəzərdə tutulur”, - deyə Milli Məclis sədrinin müavini vurğulayıb.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Ermənistan hərbi təxribatlara əl atmağa davam edir. Belə təxribatlar çox zaman Kəlbəcər istiqamətində baş verir. Buna görə də təhlükəsizliyimizi daha etibarlı təşkil etmək və müdafiə qüdrətimizin artırılması siyasətinin tərkib hissəsi olaraq, 2022-ci il iyunun 26-da - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcərdə yeni yaradılmış komando hərbi hissəsinin açılışını etdi. Təbii ki, erməni təxribatlarının bir məqsədi də Böyük Qayıdışı yubatmaq, ona mane olmaqdır. Ancaq Ordumuzun təxribatlara verdiyi qətiyyətli və sarsıdıcı cavablar cənab Prezidentin qeyd etdiyi kimi, heç bir qüvvənin bizi yolumuzdan döndərə, bizi dayandıra və ya qorxuda bilməyəcəyini bir daha sübut edir. Bütün təxribatlara baxmayaraq, Kəlbəcər hazırda Böyük Qayıdışın əsas inşaat meydanlarından biridir.

Siyasət 2022-11-24 12:58:00