×
A
A
A
Sazlamalar

Bank sektorunda kapitallaşma və likvidlik səviyyəsi normaları 2 dəfəyədək üstələyir

Bakı 24 noyabr, AZƏRTAC

Maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi və likvid olması iqtisadi artımın maliyyələşməsinə əhəmiyyətli dəstək verir. Maliyyə sektorunun mühüm hissəsini təşkil edən bank sektorunda kapitallaşma və likvidlik səviyyəsi normaları 2 dəfəyədək üstələyir.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
V.Qasımlı qeyd edib ki, son 10 ildə bank aktivlərinin ÜDM-də payı 26,8 faizdən 44,3 faizə yüksəlib. İqtisadiyyata kredit qoyuluşlarının həcmi isə 9,9 milyard manatdan artaraq 17,1 milyard manata çatıb.
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bankçılığın əsas inkişafı istiqamətləri müəyyən edilib. Ümumilikdə, bankçılığın inkişafını sürətləndirməyə və yeni keyfiyyət dəyişikliklərini hədəfləyən bu tədbirləri qiymətləndirməyə imkan verən 3 səviyyədə indikator göstərilib: 11 ilkin nəticə indikatoru, 16 aralıq nəticə indikatoru, 10 yekun nəticə indikatoru. Strategiyaya əsasən, bank sektoru üzrə aktivlərin həcminin hər il 8 faiz, kredit portfelinin həcminin hər il 10 faiz, biznes kreditlərinin həcminin hər il 6 faiz, mikro, kiçik, orta biznesə verilən kreditlərin həcminin hər il 15 faiz, sığorta bazarının həcminin hər il 10 faiz artması gözlənilir. Həmçinin korporativ qiymətli kağızlar bazarının dərinliyinin artırılması üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi, institusional inkişafı və infrastruktur imkanlarının genişləndirilməsi ilə 2026-cı ilin sonuna kimi iki investisiya fondunun fəaliyyət göstərməsi nəzərdə tutulur.

İqtisadiyyat 2022-11-24 12:33:00