×
A
A
A
Sazlamalar

Salyanda mal-qara oğruları saxlanılıb VİDEO

Salyan, 24 noyabr, Aydın Yavərzadə, AZƏRTAC

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Peyk kəndi ərazisində yerləşən fermaların birindən 73 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən rayonun Birinci Varlı kənd sakinləri Famil Rzayev və Şəhriyar Əsədli saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dindirilmə zamanı həmin şəxslər törətdikləri əməli etiraf edərək oğurluq yolu ilə ələ keçirdikləri xırdabuynuzlu heyvanların bir qismini dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Heyvanların digər qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb və zərərçəkmişə geri qaytarılıb.
Bundan əlavə, polis əməkdaşları tərəfindən saxlanılan şəxslərin ətrafında aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində onların digər bir cinayət əməllərinin üstü də açılıb. Belə ki, həmin şəxslərin cari il oktyabrın əvvəlində rayonun Düzənlik kənd ərazisində yerləşən fərdi təsərrüfatların birindən iki baş iribuynuzlu heyvanı oğurlayaraq zərərçəkmişə maddi ziyan vurduqları müəyyən edilib.
Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

Regionlar 2022-11-24 12:07:00

Video