×
A
A
A
Sazlamalar

Şərur rayonunun təhsildə fərqlənən məktəbləri mükafatlandırılıb

Şərur, 24 noyabr, AZƏRTAC

2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 348-i tələbə adını qazanıb. Uğurlu nəticə göstərən məktəblər mükafatlandırılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov təhsil sahəsində qazanılan uğurların əhəmiyyətini qeyd edib. Bildirib ki, bu gün muxtar respublikada təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, keyfiyyət göstəriciləri yaxşılaşdırılır, bu sahə özünün inkişaf dövrünü yaşayır. Səmərəlilik və effektivliyin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyə olunması üçün hərtərəfli şərait yaradılıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində 54 tam orta məktəb fəaliyyət göstərir. Təhsilə göstərilən dövlət qayğısı sayəsində rayon ərazisində yerləşən ümumtəhsil müəssisələrində müasir tədris şəraiti yaradılıb. Noyabrın 10-da Şərur rayon Alışar kənd tam orta məktəbi yenidən qurularaq istifadəyə verilib. Hazırda Vərməziyar və Həmzəli kənd tam orta məktəblərində quruculuq işləri aparılır.
Diqqətə çatdırılıb ki, Şərur rayonunun ümumtəhsil məktəblərində yaradılan müasir tədris şəraiti şagirdlərin yaxşı təhsil almasına, buraxılış və qəbul imtahanlarında uğurlu nəticə əldə etməsinə öz müsbət təsirini göstərib. Ötən tədris ili üzrə Şərur rayon ümumtəhsil məktəblərindən 520 şagird məzun olub ki, onlardan da 490-ı, yaxud 94 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak edib. Sənəd verənlərin 348-i, yaxud 71 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Ali təhsil almaq hüququ qazananların sayı əvvəlki illərlə müqayisədə 18 nəfər, yaxud 8 faiz, orta ixtisas təhsili müəssisələrinə qəbul olanların sayı isə 40 nəfər, yaxud 74 faiz artıb. 2021-2022-ci tədris ilində muxtar respublika üzrə 47 məktəb ali və orta ixtisas təhsil müəssisələrinə qəbulla bağlı 100 faiz nəticə göstərib ki, onlardan da 10-u Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində olan məktəblərdir. Məzunlardan 33-ü 500-700 arası nəticə göstərib. 2 məzun “Qızıl”, 3 məzun “Gümüş” nişana, 7 məzun isə fərqlənmə attestatına layiq görülüb. 13 şagird 2021-2022-ci tədris ilində keçirilən olimpiada və müsabiqələrin qalibi olub.
Şərur rayonunda fəaliyyət göstərən məktəblərdən 23-ü ali və orta ixtisas təhsili müəssisələrinə qəbulda muxtar respublika orta göstəricisindən yüksək nəticə əldə edib. Şərur şəhər 2 nömrəli tam orta məktəbin məzunu olmuş Nərmin Vəliyeva isə 692 bal toplayaraq muxtar respublika birincisi olub, Prezident təqaüdünə layiq görülüb.
Təhsil naziri qazandıqları uğurlu nəticəyə görə Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin pedaqoji kollektivinə təşəkkürünü bildirib.
Sonda ötən tədris ilində keçirilən qəbul imtahanlarında əldə etdikləri uğurlu nəticələrə görə Şərur şəhər 2 nömrəli, Xələc, Tənənəm, Ərəbyengicə, Yuxarı Yaycı, Sərxanlı, Qaraburc, Havuş, Həmzəli, Muğancıq-Mehrab, Şahbulaq, Yengicə, Kürkənd, Qarahəsənli, Muğanlı, Tumaslı, Aşağı Daşarx, Cəlilkənd, Gümüşlü, Axaməd, Siyaqut, Çərçiboğan və Qarxunkənd tam orta məktəblərinə diplomlar təqdim edilib.

Regionlar 2022-11-24 11:48:00