Dini radikalizm, cəhalət və xurafata qarşı ən səmərəli mübarizə maarifləndirmədir
Xaçmaz, 24 noyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” mövzusundakı ikigünlük seminara yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fəal qadınlar, təhsil işçiləri, psixoloqlar, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən seminarın məqsədi dini maarifçilik işinin həyata keçirilməsində dini radikalizm və xurafatla mübarizə, o cümlədən milli-mənəvi və tolerant dəyərlərin təbliğində qadınların fəal iştirakına dəstək vermək, bu sahədə onları istiqamətləndirməkdir.
Seminarda Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Yaqut Məsimova mövzu ilə bağlı fikirlərini bölüşərək, qadınların cəmiyyətin inkişaf prosesində tam iştirak etməsi üçün təhsilli və savadlı olmasının zəruriliyini qeyd ediblər. Eyni zamanda, qızların təhsildən yayınmasının acı nəticələri, dini radikalizm, cəhalət və xurafata qarşı mübarizədə ən effektiv vasitə olan maarifləndirmə prosesində qadınların rolundan bəhs olunub.
Dövlət Komitəsinin əməkdaşı Aysel Abdullayeva dini radikalizm, erkən nikah, xurafat və yaratdığı problemlər, eyni zamanda bütün bunlarla mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Ailə dəyərləri” sənədli filminin, eləcə də “Dövlət və din” videoçarxının nümayiş edildiyi seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Kənd təsərrüfatı və sənaye sahəsində fəaliyyət göstərən sahibkarlarla müzakirələr aparılıb
Muğanlı-İsmayıllı-Qəbələ yolu yenidənqurma nəticəsində 9,7 kilometr qısalacaq VİDEO
Şirvanda “44 gün – Tarixi zəfər” adlı üçcildliyin birinci cildinin təqdimatı keçirilib
Ölkənin ilk ödənişli avtomobil yolunda nəzarət-buraxılış məntəqələri quraşdırılır
Yardımlıda ictimai iaşə sahəsi üzrə göstəricilərdə artım qeydə alınıb