×
A
A
A
Sazlamalar

Azərbaycanda ilk dəfə daş buğa fiqurlarının aşkarlandığı ərazidən reportaj FOTO

Cəlilabad, 24 noyabr, İlkin Adıyev, AZƏRTAC
Cəlilabadda köhnə qəbiristanlıqlarda aparılan monitorinq zamanı daş qoç və daş buğa (camış) fiqurları aşkarlanıb. Maraqlı məqam odur ki, ilk dəfədir Azərbaycan ərazisində daş buğa fiquru aşkar edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tapıntılar rayonun Buravar kəndi ərazisində təsadüfi şəkildə üzə çıxıb. Bu kənd və ətraf ərazilərdə hər hansı təbii hadisə, güclü yağışlar nəticəsində tez-tez qiymətli tarixi tapıntılar üzə çıxır. Fiqurlar tapılan ərazidə monitorinqi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin mütəxəssisləri aparıblar. Monitorinqi müşahidə edən yerli tarixçi-araşdırmaçı Elşad Əmənov fiqurların Qaraqoyunlu-Ağqoyunlu dövrünə aid olması qənaətindədir.
Tarixçinin sözlərinə görə, 1980-1993-cü illər arasında təkcə Cəlilabad ərazisində yüzlərlə müxtəlif formalı qoç fiquru oğurlanaraq Ermənistana göndərilib. Yəni, ermənilər üçün qoç kimi qədim totemi mənimsəmək missiyası aparılıb. Halbuki daş fiqurlar üzərində oyma, yonma, cızma üsulları ilə icra olunan təsvirlər məhz bizim tarixi keçmişimizə bağlıdır. Sözügedən fiqurlarda ilk olaraq silah təsvirləri diqqəti cəlb edir.
Ərazidə qədim dövrlərdə başdaşı kimi istifadə edilən tapıntılar artıq rəsmi qorunmaya alınıb.
Qeyd edək ki, Elşad Əmənov bu ərazilərdə aşkara çıxan 500-ə qədər eksponatı təmənnasız olaraq Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verib. Tarixçi ərazinin ətraflı araşdırılacağı təqdirdə, böyük bir tarixi dövr haqqında maraqlı faktların ortaya çıxacağı qənaətindədir.

Regionlar 2022-11-24 10:17:00