×
A
A
A
Sazlamalar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri BMT-nin Baş katibi ilə görüşüblər

Bakı, 24 noyabr, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) tərəfdaşlığı ilə Mərakeş Krallığının Fəs şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) IX Qlobal Forumu zamanı xüsusi görüş baş tutub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, BMT-nin Baş katibi Antonio Quterreş və Mərkəzinin həmsədri, Latviya Respublikasının sabiq Prezidenti Vayra Vike-Freyberqa ilə yanaşı, BMT-nin 73-cü və 75-ci Baş Assambleyasının prezidentləri Maria Fernanda Espinosa və Volkan Bozkır, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, Gürcüstanın sabiq Prezidenti Qiorqi Marqvelaşvili, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Çexiyanın sabiq Baş naziri Yan Fişer, Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Əmr Musa, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Gürcüstanın sabiq Baş nazirin müavini Eka Tkeşelaşvili, ICESCO-nun sabiq Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri iştirak ediblər. Görüşə, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Miquel Anqel Moratinos və NGBM-nin Baş katibi də qatılıb.
Görüş zamanı son hadisələrə, həmçinin dünyanın üzləşdiyi beynəlxalq çağırışlara dair fikir mübadiləsi aparılıb və bu toplantının mütəmadi keçirilməsi razılaşdırılıb. Eyni zamanda, Baş katibə Mərkəz tərəfindən reallaşdırılan IX Qlobal Bakı Forumu, BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı və keçirdiyi təşəbbüslər haqqında məlumat verilib.
Bundan əlavə, Mərkəzin Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən elan edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində dahi şairin 880 illik yubileyi ilə əlaqədar nəşr etdirdiyi “Qələmin Sehri” – Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmalar kitabı və NGBM-nin 10 illiyinə həsr olunmuş xatirə hədiyyəsi Baş katibə təqdim edilib.

Siyasət 2022-11-24 01:19:00