×
A
A
A
Sazlamalar

Muxtar respublikanın rabitəçi-mühəndisləri üçün seminar təşkil olunub

Naxçıvan, 23 noyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “HUAWEI Technologies Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyətinin mühəndisləri tərəfindən nazirliyin aparatının və tabeli qurumlarının mühəndisləri, rabitə mütəxəssisləri və kabelçi-lehimləyiciləri üçün “Avtomat telefon stansiyalarında yeni nəsil texnologiyaların tətbiq edilməsi” mövzusunda seminar keçirilib.
Muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, MMC-nin mühəndisləri Zhao Hongbo, Zhao Jun və İsmayıl Quliyev muxtar respublikada təqdim edilən internet xidmətlərinin dayanıqlılığını yeni nəsil texnologiyalar vasitəsilə təmin edilməsi istiqamətində beynəlxalq təcrübələrdə geniş istifadə olunan texnologiyalardan slayd və videomateriallar vasitəsilə geniş məlumatlar veriblər. Vurğulanıb ki, bu texnologiyalar vasitəsilə internet kəsintilərinin qarşısının alınması, əhalinin yüksəksürətli internetlə təmin edilməsi, eləcə də istənilən sayda abonentlərə internetin verilməsi mümkündür.
Seminarda yeni GPON (Gigabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyaları və üstünlüklərindən, eləcə də IMS (IP Multimedia Subsystem - IP Multimedia Alt Sistemi) barəsində də danışılıb. Bildirilib ki, IMS IP protokolu əsasında telekommunikasiyada multimedia məzmununun ötürülməsi üçün yeni mobil şəbəkə infrastrukturu, istifadəçilər üçün istənilən giriş şəbəkəsi, xüsusən də VoLTE (Voice over) üzərindən rabitə xidmətləri təqdim etmək üçün yeni texnologiyadır. Əvvəlcə yalnız multimedia xidmətlərinin çatdırılması platforması kimi inkişaf etdirilirdi, lakin sonradan əlaqəni tam idarə edən və müxtəlif giriş şəbəkələri ilə işləyən arxitekturaya çevrildi. Bu texnologiyanın istifadəsi ənənəvi şaquli arxitekturadan fərqli olaraq üfüqi arxitekturaya əsaslanır.
Qeyd olunub ki, IP Multimedia Alt Sistemi ilk olaraq mobil şəbəkələr üçün müəyyən edilsə də, standart tezliklə sabit xətt şəbəkələrində də istifadə olunur. Bu sistem üçün əsas tələblər mobil və ya stasionar şəbəkələri IP əsaslı şəbəkələrlə əlaqələndirmək və əlavə xidmətlər göstərməkdir. Bura səs, videotelefoniya kimi IP əsaslı xidmətlər daxildir.
Sonda təlimçilər iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Qeyd edək ki, nazirlik tərəfindən kadr hazırlığı prioritet istiqamət kimi müəyyənləşdirilib və işçilərin aidiyyəti sahələr üzrə zəruri biliklərə yiyələnmələri daim diqqətdə saxlanılır.

Regionlar 2022-11-23 21:55:00