×
A
A
A
Sazlamalar

Qəbələdə keçirilən dəyirmi masada narkomaniyanın fəsadlarından bəhs olunub

Qəbələ, 23 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə noyabrın 23-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Narkomaniya və onun törətdiyi fəsadlar” mövzusunda dəyirmi masa keçirilib.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbiri rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov açaraq dəyirmi masanın keçirilməsində məqsədin bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə gəncləri daha fəal olmağa səsləmək, onları narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlar barədə məlumatlandırmaq olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin həlli daim diqqət mərkəzində saxlanılır.
Dəyirmi masada çıxış edən Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı Əhməd Əhmədli yeniyetmə və gənclər arasında narkotik vasitələrin və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsi, onun insan orqanizmi üçün zərərli nəticələri və belə hallara qarşı aparılan profilaktik tədbirlər barədə məlumat verib. Bildirib ki, qeyri-sağlam həyat tərzinə səbəb olan zərərli vərdişlərin qarşısının alınmasında idman ən mühüm vasitədir.
Tədbirin sonunda mövzu ilə əlaqədar film nümayiş etdirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2022-11-23 20:58:00