×
A
A
A
Sazlamalar

Parlamentdə “Siyasi partiyalar haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilib

Bakı, 23 noyabr, AZƏRTAC

Noyabrın 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə parlamentdə təmsil olunan siyasi partiyaların sədrləri və üzvləri olan deputatlar iştirak ediblər.
İclasda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli iclası açaraq bildirib ki, ölkədə cəmiyyət həyatının bütün sahələrini əhatə edən sistemli, ardıcıl islahatlar həyata keçirilir. Bu islahatlar nəticəsində Azərbaycanın dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində ciddi dəyişikliklər müşahidə olunur. Milli Məclis də qanunvericilik müstəvisində bu prosesdə yaxından iştirak edir.
Parlament sədrinin müavini Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələrinin “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədrinə müraciət etdiyini diqqətə çatdırıb. O, yeni qanunun hazırlanmasını zəruri edən məqamlardan söhbət açaraq, qeyd edib ki, qanunun qəbulundan 30 il keçib, bu müddətdə ölkənin ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verib, yeni qanunda həmin dəyişikliklər öz yerini tapmalı idi. Fəzail İbrahimli bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarova siyasi partiyaların təklifini dəstəkləyib və yeni qanun layihəsinin hazırlanması haqqında tapşırıq verib.
Fəzail İbrahimli İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələri tərəfindən qanun layihəsinin hazırlanması prosesi barədə məlumat verib. İş prosesində dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənildiyini, ölkənin siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələrinin nəzərə alındığını bildirib. O, bu məsələ ilə bağlı Milli Məclisin ölkədə fəaliyyət göstərən siyasi partiyalara müraciət etdiyini və 47 siyasi partiyadan 250-dən çox təklifin daxil olduğunu söyləyib.
Fəzail İbrahimli diqqətə çatdırıb ki, qanun layihəsi hazır olduqdan sonra Milli Məclisin saytında yerləşdirilərək geniş ictimaiyyətin müzakirəsinə təqdim olunub. Sonra qanun layihəsi ilə bağlı siyasi partiya təmsilçilərinin və Qeyri-Hökumət Təşkilatlarının nümayəndələrinin iştirakı ilə iki dinləmə keçirilib. Bununla yanaşı, mətbuatda, sosial şəbəkələrdə sənədlə bağlı aparılan müzakirələrdə müxtəlif fikirlər səsləndirilib. İctimai dinləmələrdə, müzakirələrdə təqdim olunan təkliflər nəzərə alınaraq, qanun layihəsi üzərində iş davam etdirilib və sənəd yenilənmiş variantda müzakirəyə çıxarılıb. O, Sosial Tədqiqatlar Mərkəzinin qanun layihəsi ilə bağlı həyata keçirdiyi işləri də təqdirəlayiq hesab edib.
Bildirilib ki, sənədin yenilənməsi zamanı layihədə 66 dəyişiklik edilib.
Sonra qanun layihəsi ilə bağlı çıxış edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlərin sənəddə öz əksini tapdığını bildirib. Qeyd edib ki, məqsəd qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olması, habelə birləşmək azadlığı hüququnu özündə ehtiva etməsindən ibarət idi. O, qanun layihəsinə edilən dəyişikliklərdə müzakirələr zamanı siyasi partiyalar və ictimaiyyət nümayəndələrinin səsləndirdiyi fikirlərin öz əksini tapdığını deyib.
Milli Məclis sədrinin birinci müavini yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddətin artırıldığını, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlərin isə azaldıldığını bildirib. Qeyd edib ki, layihəyə edilən dəyişikliklər nəticəsində müzakirələr zamanı bəzi məqamlarla bağlı narahatçılıq doğuran məsələlər aradan qaldırılıb.
Əli Hüseynli qanun layihəsinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun olduğunu vurğulayıb.
Sonra iclasda parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış edib. O, dövlətin idarə olunmasında və hakimiyyətin formalaşmasında əsas institutlardan biri olan partiyalarla bağlı yeni qanun layihəsinin demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitində hazırlandığını bildirib. Komitə sədri qeyd edib ki, onun təmsil etdiyi Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuda vətəndaşlar tərəfindən yüksək dəstək alan müddəaların layihədə daha da genişləndirilməsi, müdafiə olunmayan təkliflərin isə sənəddən çıxarılması, əvəzində demokratik norma və prinsiplərə daha çox üstünlük verilməsi sübut edir ki, qanun layihəsi həm də xalqın siyasi iradəsini ifadə edir.
Komitə sədri qanun layihəsinə edilən bəzi dəyişikliklər barədə məlumat verib. Diqqətə çatdırıb ki, partiyaların yaradılması üçün üzv tələbinin 10 mindən 5 min nəfərə endirilməsi demokratik bir normadır. Partiyalarla bağlı dövlət orqanları tərəfindən atılan addımların yalnız siyasi plüralizm, açıq və ədalətli rəqabət mühitinin gücləndirilməsinə xidmət edəcəyi sənəddə qeyd olunub.
Zahid Oruc bildirib ki, seçkilərdə 2 və ya 3 dəfə iştirak etməyən partiyaların qeydiyyatının ləğv edilməsi ilə bağlı müddəalar layihədən çıxarılıb. Eyni zamanda, Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən seçki prosesinə marağı artırmaq və beləliklə, siyasi rəqabəti gücləndirmək, təbliğat və təşviqat prosesini genişləndirmək, hər vətəndaş səsi uğrunda mübarizə aparmaq, seçiciləri ayrılıqda deyil, nizami və strukturlaşmış partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model qanunvericiliyə daxil edilir. O qeyd edib ki, qanun layihəsinin 25.2.4 və 25.2.5-ci maddələrini bu baxımdan inqilabi addımlar kimi xarakterizə etmək olar. Layihədə hər hansı etnik siyasi birliklərə və separatizmə yol açan müddəalara yol verilməyib. Komitə sədri vurğulayıb ki, dövlətin məqsədi ölkədə siyasi mühitin canlanması və çoxpartiyalılıq üçün əsasların genişləndirilməsidir.
Sonra iclasda sənədlə bağlı geniş müzakirələr aparılıb. Komitə sədri Ziyafət Əsgərov, deputatlardan Qüdrət Həsənquliyev, Asim Mollazadə, Sahib Alıyev, Fazil Mustafa, Rauf Əliyev, Razi Nurullayev, Erkin Qədirli, Anar İsgəndərov, Ceyhun Məmmədov, Elşad Mirbəşir oğlu, Tahir Kərimli, Kamaləddin Qafarov, Kamilə Əliyeva, Elman Nəsirov, Azər Badamov, Sevinc Fətəliyeva, Bəhruz Məhərrəmov çıxış edərək, qanun layihəsi barədə fikirlərini bölüşüblər.
Çıxış edənlər sənədin ölkədə sağlam siyasi mühitin formalaşmasında, yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilməsində əhəmiyyətindən danışıblar. Deputatlar qanun layihəsinin çoxpartiyalı sistemin yaradılmasına, partiyaların ölkənin ictimai-siyasi həyatında rolunun artırılmasına xidmət edəcəyini söyləyiblər. Milli Məclisin deputatları layihənin yenilənmiş variantında bəzi məhdudiyyətlərin aradan qaldırılmasını təqdirəlayiq hesab ediblər. Bildirilib ki, sənəd Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, dövlətlə siyasi partiyalar arasında səmərəli əməkdaşlığa, siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqa öz töhfəsini verəcək.
İclasın sonunda “Siyasi partiyalar haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xarici siyasət 2022-11-23 19:43:00