×
A
A
A
Sazlamalar

Milli Məclis ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv qəbul olunub

Bakı, 23 noyabr, AZƏRTAC

Noyabrın 23-də Kamboca Krallığında keçirilən ASEAN Parlamentlərarası Assambleyasının (ASEAN PA) 43-cü Baş Assambleyasının ikinci plenar iclası Azərbaycan parlamentarizmi üçün əlamətdar hadisə ilə yadda qalıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv kimi qəbul olunması ilə bağlı təntənəli mərasim təşkil olunub.
Ölkələrin rəsmi qəbuletmə mərasimində ilk olaraq, Azərbaycanın üçrəngli bayrağı fəxri qarovulun müşayiəti ilə səhnəyə gətirilib.
Kamboca Krallığı Milli Assambleyasının sədri, ASEAN PA-nın 43-cü Baş Assambleyasının prezidenti Akka Moha Ponhea Çakri Henq Samrin Milli Məclisin ASEAN PA-ya müşahidəçi üzv qəbul olunması ilə bağlı müvafiq sənədi Azərbaycan parlamentinin sədri Sahibə Qafarovaya təqdim edib.
Xatırladaq ki, ASEAN PA-nın daxili nizamnaməsinə əsasən, milli parlamentlərin təşkilatda müşahidəçi statusu alması ilə bağlı müraciətləri 2-3 il ərzində araşdırıldıqdan sonra müvafiq qərar qəbul olunsa da, Milli Məclisin bununla bağlı müraciətinə prioritet qaydada baxılaraq dərhal cavab verilib və dəstəklənib.
Qeyd edək ki, iclasda Azərbaycan parlamenti ilə yanaşı, ABŞ Konqresi və Nepal Federal Demokratik Respublikasının Milli Assambleyası və Gürcüstan parlamenti də müşahidəçi üzv qismində təşkilata qəbul olunub. Qeyd edilib ki, yeni müşahidəçi üzvlərin bu təşkilatda iştirakı ASEAN PA-nın fəaliyyətinə mühüm töhfə verəcək.
Təntənəli mərasimdən sonra təşkilata yeni müşahidəçi üzv qəbul olunmuş parlamentlərin nümayəndələri ilə görüşlər keçirilib.

Siyasət 2022-11-23 18:35:00