×
A
A
A
Sazlamalar

“Üfüqdə Yeni Fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” adlı V Forum keçirilib VİDEO

Bakı, 23 noyabr, AZƏRTAC

Noyabrın 23-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş “Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq” adlı V Forum keçirilib.
AZƏRTAC xəbər verir ki, forumda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən qadın sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verib. Qeyd olunub ki, statistikaya əsasən fərdi sahibkarların 21 faizdən çoxunu qadınlar təşkil edir və iqtisadi inkişafda qadınların aktivliyi artan dinamika ilə davam edir. Qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir. Qadın sahibkarlığının inkişafını təşviq edilməsi, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması, onların Agentlik tərəfindən göstərilən dəstək mexanizmləri barədə məlumatlandırılması, fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil olunur. Qadınlar biznes fəaliyyətinə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün Agentliyin təlim, məsləhət, beynəlxalq ixtisasartırma, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, sərgilərdə iştirak, daxili bazar araşdırması, “Startap” şəhadətnaməsi və sair dəstək və xidmətlərindən faydalana bilərlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova vurğulayıb ki, Azərbaycan hökuməti qadınların kiçik və orta sahibkarlıqla məşğulolma səviyyəsini artırmaq üçün proqramlar həyata keçirir. Azərbaycan qadınlarının məşğulluq səviyyəsi bir sıra sahələrdə, xüsusilə də təhsil və səhiyyə sahəsində yüksəkdir. Hazırda ölkədə 17 qadın resurs mərkəzi fəaliyyət göstərir. 8200 qadın ölkəmizdə sahibkarlıqla bağlı keçirilən müxtəlif təlim və tədbirlərdən yaralanıb, 600-ə yaxın qadın isə sahibkarlıq fəaliyyətinə başlayıb.
Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitənin sədri Hicran Hüseynova diqqətə çatdırıb ki, bugünkü tədbir Azərbaycanda qadın hərəkatının inkişafında özünəməxsus rol oynayacaq. Azərbaycan qadınının uğurları kifayət qədərdir. Dövlətimizin iqtisadi inkişafında sahibkar qadınlarımızın rolu böyükdür. Sahibkarlığın, xüsusilə də, qadın sahibkarlığının inkişafı ölkə rəhbərliyinin ən çox önəm verdiyi məsələlərdəndir. Bu gün Azərbaycan qadınlarının ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatda rolu getdikcə artır.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib ki, belə tədbirlərin keçirilməsi qadınların sahibkarlıq fəaliyyətinin artırılmasında, onların hüquqlarının qorunması və layiqli əməyin təmin olunmasında, həmçinin perspektivlərin müəyyən edilməsində mühüm rol oynayır. Ölkəmizdə kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün münbit şərait yaradılıb. Fəxr hissi ilə demək olar ki, Azərbaycan hər bir sahədə sürətlə inkişaf edir, sahibkarlığa, qadın sahibkarlara xüsusi önəm verilir.
Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətin respublikamızın dinamik inkişafına şərait yaratdığını vurğulayıb. Bildirib ki, ölkədə qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir. Bu gün Azərbaycanda hər 100 təhsil alanın orta hesabla 47 faizini, işçi qüvvəsinin 49 faizini, məşğul əhalinin 48 faizini, elmi işçilərin isə 53 faizini qadınlar təşkil edir. Qadın sahibkarlığın inkişafı üzrə komissiyanın fəallığının real nəticəsi olaraq bu günədək 400-dək qadın iş adamı Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının ətrafında toplanıb.
Çıxış edən digər natiqlər ölkədə qadın sahibkarlara yaradılan şəraitdən, sahibkarlığın inkişafı istiqamətində atılan addımlardan söz açıblar.
Forum panel müzakirələrlə işini davam etdirib.
Konfrans çərçivəsində AQSİA-nın üzvü olan xanımların əl işlərindən ibarət sərgi təşkil olunub.

İqtisadiyyat 2022-11-23 18:30:00

Video