×
A
A
A
Sazlamalar

Qiymətli Kağızların Emissiya Sisteminin təqdimatı keçirilib

Bakı, 23 noyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən kapital bazarının inkişafına dair strateji planda müəyyən edilmiş hədəflərin icrası üzrə davamlı tədbirlər həyata keçirilir. Növbəti tədbir kimi emitentlərə kapital bazarında çevik maliyyələşmə imkanlarının yaradılması və bazara çıxış imkanlarının rəqəmsal kanallar vasitəsilə daha əlçatan edilməsi məqsədilə kapital bazarı üzrə elektron xidmətlərdən biri kimi yaxın günlərdə istifadəyə verilməsi nəzərdə tutulan Qiymətli Kağızların Emissiyası Sisteminin təqdimatı keçirilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, sistemin istifadəyə verilməsi ilə investisiya qiymətli kağızlarının emissiyası prosesində Mərkəzi Bank, Milli Depozit Mərkəzi (MDM) və Bakı Fond Birjası (BFB) tərəfindən emitentlərə göstərilən xidmətlərin rəqəmsallaşdırılması və bununla da emitentlərə “bir pəncərə” prinsipli xidmətlərin təqdim olunması təmin ediləcək. Layihə çərçivəsində investisiya qiymətli kağızların buraxılışının dövlət qeydiyyatına alınması, emissiya prospektlərinin və informasiya memorandumlarının təsdiqi, hüquqi şəxslərin yenidən təşkili zamanı səhm buraxılışının dövlət qeydiyyatına alınması, investisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması, emissiyanın yekunları haqqında hesabatın təsdiqi, investisiya qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda buraxılışı ilə bağlı dövlət qeydiyyatının aparılması və emissiya prospektində və buraxılışla bağlı qərara əlavə və dəyişikliklərin edilməsi prosesləri rəqəmsallaşdırılıb. Sistemdə emitentlərin kapital bazarından maliyyələşmə imkanlarının genişləndirilməsi üçün bir sıra funksionallıqlar yaradılıb. Proseslərin elektronlaşması nəticəsində emitentlər yuxarıda qeyd olunan qurumlara mərkəzləşdirilmiş qaydada vahid portal üzərindən müraciət etmək və qurumlar tərəfindən tələb olunan və təkrarlanan sənədləri yalnız bir dəfə sistemə yükləmək imkanı əldə edəcəklər.
Həmçinin sistemdə qiymətli kağızların depozitar sistemində saxlanması və uçotunun aparılması ilə bağlı MDM və qiymətli kağızların listinqi üzrə BFB ilə müqavilələrin elektron qaydada bağlanılması, emissiya prospektlərinin təsdiqi ilə bağlı dövlət rüsumunun sistem üzərindən ödənilməsi və müraciətlə bağlı səlahiyyətlərin sistem vasitəsilə üçüncü şəxsə ötürülməsi imkanları yaradılıb. Əlavə olaraq, emitentlərin müraciətinin statusu barədə elektron poçt və mesaj formasında mobil telefon vasitəsilə məlumatlandırılması və sənədlərin Mərkəzi Bankın digər sistemi olan Məlumatların Elektron Açıqlanması Sistemində açıqlanması kimi funksionallıqlar da nəzərdə tutulub.

Maliyyə 2022-11-23 18:10:00